Millimizin sabiq oyunçusu Naxçıvanda yeniyetmələrlə görüşüb
- 15:40
- 30
Veteren voleybolçu, milli komandanın keçmiş oyunçusu Natəvan
Afşarın (Qasımova) Naxçıvanda yeniyetmə qız voleybolçularla görüşü
təşkil olunub. "Rekord.az" xəbər verir ki, görüşdə Azərbaycan Voleybol
Federasiyası Naxçıvan filialının direktoru Vüqar Əliyev də iştirak
edib.
Çıxış edən V.Əliyev son illər muxtar respublikada bu
sevimli idman növünün inkişafı, uşaq və yeniyetmələrin voleybola cəlbi
istiqamətində görülən sistemli işləri və əldə olunan uğurlu nəticələri
qeyd edib.
Vurğulanıb ki, 1985-ci ildə Naxçıvanda doğulan
Natəvan Afşar milli komandada oynayan və peşəkar karyeraya malik olan
ilk naxçıvanlı qadın voleybolçudur. O, karyerasına hücumçu kimi başlasa
da, sonradan toppaylayıcı mövqeyində çıxış edib. 2003-2010-ci illərdə
"Azərreyl"də, 2010-2011-ci illərdə İtaliyanın Scavolini Pesaro klubunda,
2011-2012-ci illərdə Bakı Voleybol Klubunda, 2012-2014-cü illərdə
təkrar Azərreyl klubunda oynayıb.
N.Afşar karyerası ərzində 1 dəfə
CEV Challenge kubokunu, 2 dəfə Azərbaycan çempionluğunu, 1 dəfə İtaliya
Super Kubokunu,1 dəfə Azərbaycan Kubokunu qazanıb. O, Azərbaycan
yığmasının heyətində dünya çempionatlarında və Avropa yarışlarında
uğurla çıxış edib. Hazırda Türkiyədə yaşayır.Natəvan Afşar
göstərilən diqqətə və yaradılan şəraitə görə səmimi təşəkkürünü
bildirib. O, son illər Naxçıvanda xüsusilə qadın voleybolunun
inkişafından, yüzlərlə qız idmançının voleybola cəlb olunmasından,
yeni-yeni naxçıvanlı gənc istedadların ölkə voleyboluna, milli
komandalara qazandırılmasından duyduğu sevinci dilə gətirib.Vurğulayıb
ki, cari mövsümdə qadınların Super Liqa ölkə çempionatında "Naxçıvan"
komandasının iştirakı voleybol tariximiz üçün bir ilk olmaqla
əlamətdardır.
Natəvan Afşar öz dövrünün çətinlikləri, karyerası
və xatirələri ilə bağlı danışıb, yeniyetmə və gənc voleybolçulara
tövsiyyələr verib, həmçinin, məşq prosesində iştirak edib.
