Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Neftçi TV”yə açıqlama verib.

Rekord.az xəbər verir ki, italyan mütəxəssis “Neftçi”nin Sloveniyadakı təlim-məşq toplanışında yerli “Olimpiya”ya (Lyublyana) qarşı keçirdiyi yoxlama matçı barədə danışıb:

“Buraya çox yaxın, təqribən 200 metr aralıda yerləşən ərazidə qalıram. Yaxınlıqda keçirilən hər bir yoxlama matçlarını izləməyə çalışıram ki, yerli oyunçuların ümumi hazırlıq durumuna nəzarət edim. Çempion komandanın düşərgəsində olmaq, onun oyununa baxmaq böyük sevincdir”.

65 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis) komandası ilə keçirəcəyi oyunlara da toxunub: “İndidən proqnoz vermək çətindir. "Dinamo"nun meydana hansı heyətlə çıxacağı bəlli deyil. Amma "Neftçi"nin əzmkarlıq göstərərək, 2-ci təsnifat mərhələsinə yüksələcəyinə ümid edirəm. Növbəti raundda isə daha güclü rəqib - "Olimpiakos" olacaq".

Təcrübəli mütəxəssis "Neftçi"dən milliyə az sayda futbolçu çağırmasına da aydınlıq gətirib: "Bu, komandanın özündən də asılıdır. Oyunlarda nə qədər çox yerli futbolçu iştirak etsə, mənim üçün onları yığmaya dəvət etmək daha rahat olar".

Qeyd edək ki, "Neftçi" "Olimpiya" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.