Kamandan oxatma üzrə Azərbaycan çempionatı keçiriləcək
- 10 Yan 2026 10:30
- 50
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yanvarın 13-dən 16-dək kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyi və çempionatı keçiriləcək.
Rekord.az xəbər verir ki, Azərbaycan Tibb Universitetində baş tutacaq yarışda mövsümün ən güclü oxatanları müəyyənləşəcək.
Dörd gün davam edəcək yarışın proqramına əsasən, yanvarın 13-də idmançıların sınaq atışları və rəsmi məşqləri keçiriləcək.
Yanvarın 14-də və 15-də təsnifat mərhələləri baş tutacaq. Son gündə isə final görüşləri keçiriləcək.
Çempionatda yeniyetmələr (U15), gənclər (U21) və böyüklərdən ibarət ümumilikdə 70-dən çox idmançı mübarizə aparacaq.
Kamandan oxatanlar 18 metr məsafədə hədəfi dəqiq vurmağa çalışacaqlar.
Yarışın sonunda yüksək nəticə göstərən və fəxri kürsüdə yer alanlara müvafiq dərəcəli diplom və medallar, həmçinin federasiya tərəfindən xüsusi mükafatlar təqdim olunacaq.
Yarışın keçirilməsində əsas məqsəd ölkədə kamandan oxatmanın təbliği, kütləviliyin artırılması və müxtəlif yaş qrupları üzrə milli komandaların heyətinin formalaşdırılmasıdır.