İslamidanın proqramına dəyişiklik edildi, Azərbaycan millisinin ilk rəqibi dəyişdi
- 03 Noy 2025 20:50
 - 77
 
VI İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib. "Rekord.az" xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq.
Komandamız əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq. Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat komitəsinin qərarına əsasən, millimizin sabahkı rəqibi İran olub.
Burada isə maraqlı məqam yaranır. Belə ki, əvvəlki proqrama görə sabah İran-Türkiyə matçı da keçirilməli idi. Bizim rəqibimiz Tacikistan isə oyuna vaxtında çata bilməyəcək. Belə olan təqdirdə bizim oyunun təxirə salınması və ya həmin gün oynamayacaq komandanın bizə rəqib təyin edilməsi əvəzinə heç bir problem yaranmayan digər oyunda dəyişiklik edilir və həmin komandalardan biri bizim ilk rəqibimiz təyin olunur.
Qeyd edək ki, komandamız növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.
İslam Oyunları
4 noyabr
14:00 İran - Azərbaycan
17:00 Türkiyə - Əfqanıstan
6 noyabr
14:00 Azərbaycan - Tacikistan
17:00 Türkiyə - İran
9 noyabr
14:00 Əfqanıstan - Tacikistan
17:00 Türkiyə - Azərbaycan
11 noyabr
14:00 İran - Əfqanıstan
17:00 Türkiyə - Tacikistan
12 noyabr
14:00 İran - Tacikistan
17:00 Azərbaycan - Əfqanıstan
13 noyabr
10:00 Üçüncü yer uğrunda oyun
16:00 Final
18:30 Mükafatlandırma mərasimi
Oyunların başlama saatı Azərbaycan vaxtı ilə verilib.