Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko Macarıstan çempionatında bürünc medal qazanıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Bekescsaba" üçüncülük uğrunda "MAV Elöre" klubu ilə yarışıb. 

Reqlamente əsasən 3 qələbə qazanan komanda bürünc medala sahib çıxır. Kifayət qədər gərgin keçən cütün mübarizəsi maksimum oyuna qədər davam edib. Tərəflər hərəyə iki oyunda qələbə qazandıqlarından 5-ci matça ehtiyac yaranıb. Həlledici bu görüşdə Rita və rəfiqələri 3:1 hesabı ilə qalib gələrək ölkə birinciliyinin bürünc medalına sahib çıxıb.

Bu qarşılaşmada millimizin üzvü 12 dəfə fərqlənib. Stepanenko bütün xalları hücumda qazanıb.

Beləliklə, Marqarita Stepanenko mövsümü Macarıstan kubokunun gümüş, çempionatının isə bürünc medalçısı kimi başa vurur.

Xatırladaq ki, millimizin digər üzvü Ayşən Abduləzimova isə  Macarıstan çempionu olub.