Gültac Məmmədəliyeva 1/4 finalda məğlub oldu
- 15:15
- 30
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında mübarizə aparıb.
Rekord.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 finala yüksəlib. 1/8 finalda Avstraliya təmsilçisi Tinka Eastonla üz-üzə gələn cüdoçumuz bu rəqibi də məğlub edib. Gültac 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşıb və bu rəqibinə məğlub olub.
Buna baxmayaraq, G.Məmmədəliyeva medal qazanmaq şansını saxlayır. O, təsəlliverici görüşdə qalib gələrsə, bürünc medal uğrunda yarışmaq hüququ qazanacaq.
Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.