Çövkən üzrə Prezident Kubokunun qalibləri müəyyənləşdi
- 16:30
- 40
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kuboku başa çatıb.
Rekord.az ARAF-a istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış ediblər.
Finalda "Elit" komandası "Polad"ı 3:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə "Sərhədçi" "Embawood"dan üstün olub - 2:1.
Final görüşünün sonunda keçirilmiş mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif edilib. "Elit" komandasına həmçinin, Prezident Kuboku təqdim olunub.