Noyabrın 8-də Fransanın paytaxtı Parisdə Avropa Voleybol Konfederasiyasının (CEV) XLVI Baş Assambleyası keçirilib. "Rekord.az" xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Fabio Azevedo və CEV prezidenti Roko Sikiriçin rəhbərlik etdiyi tədbirdə 55 ölkədən federasiya nümayəndələri iştirak ediblər.

Yığıncaqda Azərbaycan Voleybol Federasiyasını (AVF) baş katib Faiq Orucov təmsil edib.

Həmçinin tədbirdə CEV İcraiyyə Komitəsinin üzvü, AVF prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Cəlil Cəfərov də iştirak edib.

Assambleya çərçivəsində son 12 ay ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə hesabat təqdim olunub. Həmçinin səsvermə nəticəsində 2001–2015-ci illərdə Avropa voleybol ailəsinə rəhbərlik etmiş Andre Meyer CEV-in Fəxri Ömürlük Prezidenti seçilib.

Tədbirdə cari və növbəti illər üçün CEV-in fəaliyyət planı da müzakirə olunub, yerli federasiyalara yarışların təşkili və digər təşkilati məsələlərlə bağlı müvafiq tövsiyələr verilib.