AVF rəhbəri çempionlarla görüşüb
- 31 Okt 2024 12:13
- 248
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibi olmuş “AZERRAIL” klubunun üzvləri ilə görüşüb. "Rekord.az" xəbər verir ki, görüşdə AVF-nin vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, “AZERRAIL”in qadın və kişi komandalarının oyunçuları, məşqçilər heyəti və klubun əməkdaşları iştirak ediblər.
Ş.Bağırov ilk olaraq “AZERRAIL”in oyunçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu qələbənin Azərbaycanın çimərlik voleybolu tarixində qazanılan ən böyük uğur olduğunu söyləyib. Qeyd edib ki, ölkəmizdə çimərlik voleybolunu daha da inkişaf etdirmək üçün federasiya tərəfindən bir sıra işlər və layihələr həyata keçirilməsi də nəzərdə tutulur. AVF rəhbəri çimərlik voleybolçularının qış aylarında da məşqlərini səmərəli keçirmələri üçün lazımi şərait yaradılacağını vurğulayıb. Ş.Bağırov bidirib ki, peşəkar şəkildə çimərlik voleybolu ilə məşğul olmaq istəyən gənc və perspektivli idmançılar təlim-məşqlərə cəlb ediləcəklər. Hər bir oyunçuya gözəl mübarizə üçün təşəkkürünü bildirib və onlara karyeralarında uğurlar arzulayıb.
AVF-nin idarə heyətinin üzvü Elqar Bağırov çıxış edərək çimərlik voleybolçuları üçün yaradılan şəraitə və göstərilən diqqətə görə federasiya rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra Ş.Bağırova çempionların imzası olan klubun simvolik forması və top təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.