Azərbaycan Voleybol Federasiya (AVF) növbəti dəfə seminar keçirib. "Rekord.az" xəbər verir ki, bu dəfəki seminar voleybol hakimliyinə yeni cəlb olunan şəxslər üçün təşkil olunub.

Federasiyanın Hakimlər Komissiyasının tədbirlər proqramına uyğun olaraq yeni hakimlər üçün təşkil olunan üç mərhələli seminarın ikinci mərhələsi keçirilib.

Proqramın birinci mərhələsində test imtahanını uğurla keçmiş 23 nəfər ikinci mərhələdə iştirak edib. GİN-in Voleybol Mərkəzində keçirilən seminarı AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev açaraq iştirakçıları salamlayıb, Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıblar.

Seminarın bu mərhələsində voleybol qaydalarının incəlikləri iştirakçılara ətraflı şəkildə izah olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda növbəti test imtahanı keçirilib. Nəticələrə əsasən iştirakçılar seminarın üçüncü mərhələsində iştirak hüququ qazanacaqlar.