Hazırda izlədiyimiz turnir dünya çempionatı yox, Dünya Kubokudur. Eyni şey kimi görünsə də, əslində deyil. Çempionat və kubok fərqli məhfumlardır. Tək futbolu yox, digər idman növlərini izləyənlər bunu yaxşı bilirlər. Bu yazıda bu məhfumların fərqi haqqında danışaraq həm bu yarışın, həm də futbolun özünün də gələcəyinə nəzər salmağa çalışacağam. Bu gələcəkdə Azərbaycan da var və əmin olun ki, bizim milli də mundialda iştirak edəcək. Nə vaxt? Onu gedişat göstərəcək.


Kubok, yoxsa çempionat?


Biz 70 il SSRİ-nin tərkibində yaşadığımızdan və demək olar hər şeyi ruslardan götürdüyümüzdən, bu turniri də onların dediyi kimi "dünya çempionatı" adlandırmışıq. Halbuki bütün dünya bu yarışa "World Cup", yəni Dünya Kuboku deyir. Şimal qonşularımızın niyə bu seçimi etdiklərini bilmirəm. Maraqlıdır ki, UEFA-nın Avropa yarışının adı bütün dillərdə elə Avropa çempionatı kimi yazılır. Ola bilər, ruslar bu məntiqi davam etdirərək dünya miqyaslı yarışa da dünya çempionatı adı veriblər. Məntiq var, amma reallıqda durum fərqlidir. Çünki dünya çempionatı varsa, ayrı bir dünya kuboku da olmalıdır. 


205 ölkənin hamısı 


Hər hansı bir idman, xüsusilə Olimpiya növü üzrə qitə, dünya yarışları çempionat adlanır. Bu yarışlarda bu idman növünün üst qurumuna üzv olan bütün ölkələr iştirak edə bilirlər. Yarışa qatılma meyarları adətən yumşaq olur, bu da zəiflərin, hətta həmin növlə simvolik, formal olaraq məşğul olanların da bu mötəbər turnirdə çıxışına imkan verir. 80-100, bəzən 120, bəzən daha çox ölkədən gələn idmançılar 8-10 gün ərzində keçirilən nəhəng bir yarışa qatılırlar. Normalda bu yarışlar hər il keçirilir, hər il Avropanın, yaxud Afrikanın, yaxud Asiyanın çempionu, həmçinin hər il dünyanın çempionu müəyyənləşdirilir. 


Kubok isə fərqli yarışdır. Bu tip yarışlarda əsasən reytinqli idmançılar xüsusi dəvətlə iştirak edirlər. Yarışın özü isə faktiki ən yaxşıların festivalı kimi qəbul olunur. Bəzən kubok yarışları çempionatlardan daha çox xatırlanır, daha rəqabətli, daha gərgin mübarizə ilə yadda qalırlar. Məsələn, güləş üzrə Dünya Kubokları. Konkret ayrı bir aləmdirlər, izləmək üçün xüsusi tövsiyə olunan tamaşalardırlar. 


Bu qeyd etdiklərim əsasən fərdi idman növlərinə aiddir. Komanda idman növlərində vəziyyət bir qədər fərqlidir. Orda da futboldakı kimi dünya miqyaslı yarışlar 2 və ya 4 ildən bir keçirilir, adını da çox vaxt kubok qoyurlar. Hər il keçirilməməsinə səbəb klubların hegemon statusda olması, oyunçuların dəyəri və təqvim sıxlığıdır. Müəyyən seçmə mərhələlər də aparıldığından status daha yüksəkdir, həm vaxt, həm də əhatə baxımından daha uyğundur. 


Olimpiada faktoru


Burda bir dənə maraqlı məqam var. Futboldan fərqli olaraq digər növlərdə 4 ilin əsas yarışı Olimpiya Oyunlarıdır. Heç bir dünya çempionluğu (dünya kuboku) bu nəhəng yarışdakı qələbənin əvəzini vermir, yaxınına belə düşmür. Futbolda isə mütəxəssislər belə futbol üzrə Olimpiya çempionlarını yadda saxlaya bilmirlər. Şəxsən bu yazını yazarkən Google-a baxmadan yadıma salmağa çalışdım, amma son Olimpiadada qalib olan futbol yığmasını xatırlaya bilmədim. Deyəsən, Fransa idi. Ya da İspaniya.


Futbol fərqlidir. Əslində, bu idman növü də Olimpiya Xartiyasını qəbul edir, sənəd üzərində Beynəlxalq Olimpiya Komitəsinə tabe sayılır. Amma FİFA-ya xüsusi, eksklüziv status, müstəqillik verilib. Çünki əks halda, bu qurum böyük reklam müqavilələri imzalaya, yayım hüquqlarını bu qədər ciddi rəqəmlərə sata bilməzdi. Ona görə şifahi razılaşma ilə qurumlar səlahiyyət bölgüsü aparıblar, sənəddə bir, reallıqda fərqli fəaliyyət göstərirlər. FİFA BOK-un, BOK da FİFA-nın xətrinə dəymir, anlaşırlar. 


Dünyanın yarısı "ofsayd"dadır


FİFA anormal pul qazanır. Amma deyəsən, bu pul da bəs eləmir. Ona görə də Dünya Kubokunun iştirakçı sayını artırmaq, Kürasao kimi noneymləri cəlb etmək, əhatəni genişləndirmək fikrinə düşüb. Bu, birmənalı şəkildə yarışın səviyyəsinə təsir edir, qrup mərhələsi təsnifat yarışları dərəcəsinə enir. Bəli, festivaldır, bayramdır, ab-hava gözəldir. Amma sırf futbol baxımından ilkin mərhələlərdə keyfiyyət aşağıdır. Qeyd etdiyim kimi, futbol çoxlu pul gətirir, ona görə də onun iştirakçı sayının çox olması ali futbol qurumunun marağındadır. Hazırda DÇ-də (DK) 48 iştirakçı var və bu sayın artırılacağı gözlənilir. Bu haqda açıqlamanı, işarəni İnfantinonun dilindən eşitmişik. Etirazımızın heç bir xeyri yoxdur, onsuz da gec-tez 64-ə çatdıracaqlar. Üstəlik, bu yarışın 4 yox, 2 ildən bir keçirilməsi də planlar içərisindədir. Bu da olacaq. Bu barədə açıqlamanı da, işarəni də Canni müəllim verib. 3-5 il sonra olmasa da, mütləq olacaq. Çünki futbol dəyişib, meydandakı oyun çox dəyişməsə də, ona münasibət dəyişib. Futbol 20-30 il əvvəllə müqayisədə daha çoxdur, daha əlçatandır. Keyfiyyət axtaran onsuz da tapacaq. FİFA isə kəmiyyəti artırıb daha böyük bazarları yarışa qatmaq, onlardan istifadə etmək istəyir. Məsələn, toplam 3 milyardlıq Çin və Hindistan kimi ölkələr, Rusiya kimi nəhəng dövlət, Türkiyə kimi nəhəng futbol bazarı, Pakistan, Tailand, İndoneziya, hətta Banqladeş kimi toplam milyarda yaxın əhalisi olan dövlətlər, həmçinin digərləri adətən sadə seçmə mərhələni keçə bilmir, kənarda qalırlar. Bu isə fantastik qazancın əldən çıxması deməkdir. Təsəvvür edin: dünya əhalisinin az qala yarısı dünya futbol bayramının birbaşa iştirakçısı deyil, ona televizordan baxır, turnirdə yad tərəfdir. Anormal maddi itkidir. Səhvdir, düzəldilməlidir. Təbii ki, FİFA-nın baxış bucağından belədir. 


Hər il dünya çempionatı?


Proses hazırda izlədiyimiz yarışın nəinki 2 ildən bir, hətta hər il, özü də 200-dən çox ölkənin iştirakına doğru gedir. Belə olan halda bizim yığmanın da iştirakı asanlaşır, talenin Azərbaycan millisinin də üzünə gülmə ehtimalı böyüyür. Təəssüf ki, hazırkı gücü ilə əsas komandamız heç 64-lü DÇ-yə vəsiqə qazanmaq iqtidarında deyil. Bu durumun qısa zamanda dəyişəcəyinə də ciddi ümid yoxdur...

Mövzunu davam etdirək. Fərdi idman növlərində qitə yarışları adətən yazda, mart-aprel aylarında, dünya çempionatları isə təxminən sentyabr-noyabr dönəminə təsadüf edir. Futbolda da belə etmək olar. Bütün bu Millətlər Liqası, yoldaşlıq görüşləri, dəxlisiz turnirləri, "pəncərə"ləri ləğv etmək, milli komandalar üçün fasilələri 5-6-dan birdəfəlik 2-yə endirmək olar. Qitələr üzrə qaliblər ilin ilk yarısı, dünya çempionları isə sonda müəyyənləşdirilə bilər. Düzdür, dildə demək asandır, təklifi hamı edər. Çətin olanı bunu reallaşdırmaqdır. Çünki liqaların formatı, başlama-bitmə vaxtları, keçirilmə dövr və qaydaları dəyişməli, nəhəng dəyişikliklərə gedilməlidir. Bu, 5-10 ilin işi deyil. Amma məcburiyyətdir. Belə də olacaq. 


Geriyə Olimpiadaya


Dünya Kuboku isə yavaş-yavaş yerini Olimpiadaya verəcək. 100 il əvvəl məhz belə olub. Çoxları bilmir ki, ilk dünya çempionu olan uruqvaylılar özlərini 2 yox, 4 qat dünya çempionu hesab edirlər. Çünki onların milliləri 1930-cu ildəki dünya kubokundan əvvəl FİFA-nın təşkilatçılığı ilə Olimpiada çərçivəsində keçirilən 1924 və 1928-ci il yarışlarının qalibi olub. Məhz bu 2 yarışdan sonra FİFA BOK-dan ayrı bir turnir keçirmək qərarına gəlib ki, o da həmin, hazırda 2 həftədir izlədiyimiz Dünya Kubokudur. Tarixin təkrarlanması üçün rəvac yaranır. Bunun üçün indiki halda azı 20 il lazım ola bilər. Ancaq atılan addımların buna istiqamətləndiyi görünür.


Futbol olsun 


Vaxtilə iştirakçı sayı 24-ə çatdırılanda necə etiraz edilirdisə, maraqsız olacağı deyilirdisə, 32 komanda olanda da eynisi təkrarlanırdı. İndi baxırıq ki, 48 komandalı yarış da pis deyil, izləmək olur. Müzakirələr, mübahisələr həmişə olacaq. Əsas odur futbol olsun. Ədalətli futbol olsun. Bu olarsa, qalanı düzələcək.