
Yerli məşqçi gəldi, zülm bitdi?!
- 14:20
- 160
Düz 20 il bundan əvvəl, 2005-ci ilin sentyabrın 7-də Azərbaycan millisi Bakıda Avstriya ilə qarşılaşırdı. Həmin qarşılaşmada millimiz elə dünənki kimi ultramüdafiə futbolu ilə qapısını toxunulmaz saxlayıb, meydandan bir xalla ayrıla bilmişdi. Avstriya ilə qarşılaşma ərəfəsində millimizin braziliyalı çalışdırıcısı Karlos Alberto Torres yola salınmışdı. Komandamızı meydana çıxarmaq bir oyunluq Vaqif Sadıqova tapşırılmışdı. Qolsuz heç-heçədən sonra Vaqif bəy xeyli sevinmiş, az qalmışdı ki, texniki zonada qol götürüb oynasın.
Mən Sadıqovu günahlandırmaq üçün tarixə səyahət edib, sizi 20 il geriyə qaytarmaq fikrinə düşməmişəm. Sadəcə, dünənki Azərbaycan – Ukrayna qarşılaşması ilə 20 il əvvəlki Azərbaycan – Avstriya görüşü arasında bir xeyli paralellər aparmaq mümkündür. İndi də AFFA əcnəbi çalışdırıcını tələm-tələsik yola salıb, millini keçid dövründə azərbaycanlı mütəxəssisə tapşırdı. Ayxan Abbasova ağır məqamda çiyinlərini bu məsuliyyətin altına verdiyi üçün təşəkkür borcumuz öz yerində. AFFA-nın bir qədər təlaşlı, bir qədər də rabitəsiz davranışları sayəsində xeyli qəribə vəziyyət yarandı. Bir tərəfdən U-21 yığması bolqarların önünə baş məşqçisiz çıxdı. Digər yandan da Ayxan Abbasov sözün həqiqi mənasında özü yığmadığı heyətdən komanda düzəldib, Ukraynanın qarşısına çıxmalı oldu.
Kobud səslənsə də, etiraf etməliyik ki, AFFA məsul qarşılaşmalar öncəsi çox riskli bir “qumar” oynamışdı. Bunun da fəsadları ağır ola bilərdi. Həm gənclərimiz fiaskoya uğraya bilərdi, həm də əsas komandamız. Şükürlər olsun ki, bu iki qarşılaşmada uduzmadıq, komandalarımız meydandan bir xalla ayrıldılar. Statistik göstəricilər ondan xəbər verir ki, 21 yaşadək futbolçularımız bolqarlarla oyundakı 1 xalı xeyli çətinliklə əldə ediblər. Bolqarıstanın elə 12 dəfə küncdən zərbə vurması mənzərəni aydınlaşdırmaq üçün kifayətdir. Özü də standart zərbələr bizim futbolumuzun yaralı yeridir. Yaxşı ki, gənclərimiz sona qədər təzyiqə davam gətirib, meydandan heç-heçə ilə ayrılmağı bacardılar.
Elə Ukrayna da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada bizimkilərdən üstün görünür, səviyyə fərqini ortaya qoymağı bacarırdı. Amma ölkənin müharibə vəziyyətində olması hər bir sahədə öz mənfi təsirini göstərib, Ukrayna millisinin əvvəlki əzəmətindən əsər-əlamət qalmayıb. Bunu vurğulamaqla bizimkilərin zəhmətini yerə vurmaq istəmirəm. Bəli, məğlubiyyətdən qurtulmağımız da, ilk xalımızı qazanmağımız da yaxşı əlamətdi. Ən əsası Santuş kimi bivecdən qurtulmuşuq, AFFA illərdi səslənən sosial sifarişi qəbul edib, milli komandanı yerli mütəxəssisə tapşırıb. O da ilk qarşılaşmadaca bu çağırışların haqlı olduğunu göstərdi.
Lakin bizim problemlərimiz bununla bitmir. 20 il bundan əvvəl Avstriya ilə qolsuz bərabərliyə qol qaldırıb oynadığımız kimi sevinməyə çox vaxt sərf edib, özümüzü aldatmayaq. İrəlidə bizi daha çətin oyunlar, daha amansız rəqiblər gözləyir. Bizə “Oser faciəsi”ni yaşadan fransızlar, qrupda ikinci yeri tutmaq üçün gözünü millimizə dikən islandlar heç də Ukrayna kimi dağınıq oynamayacaqlar. Heç onlarla oyunda penalti qazanıb-qazanmayacağımız da bilinmir. Ona görə də özümüzü aldatmayaq. Ciddi işlərlə məşğul olmaq, futbolçu yetişdirmək lazımdır. Futbolçu olmayandan sonra məşqçinin yerli, yoxsa əcnəbi olmasının da heç bir fərqi yoxdur.
Yazar haqqında
