"Turan" avrokuboklardan uzaqlaşdırılır? - səbəblər, araşdırma
- 15:48
- 102
2025-26-cı illər mövsümündə 3-cü pilləni tutaraq UEFA Konfrans
Liqasının 2-ci təsnifat mərhələsində iştirak etmək hüququ qazanan “Turan
Tovuz”, bu imkandan məhrum edilə bilər. Bildiyim qədərilə ölkəyə artıq bu barədə
məlumat gəlib. Xəbərdarlıq yox, məhz məlumat.
Amma şoka düşmək yox, durumu soyuq başla analiz etmək lazımdır. Bu,
asan deyil, çünki qarşıya qoyulan faktla bağlı suallar cavablardan çoxdur. O
sualları verək, mümkün cavabları müzakirə edərək həqiqəti tapmağa çalışaq.
Beləliklə, nə baş verib?
2019-cu ilin dekabrında AFFA İcraiyyə Komitəsi o vaxtlar I Divizionda
çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”-nin (həmçinin Region Liqasında
oynayan başqa 3 klubun) bəzi futbolçularının oyunların manipulyasiyasında şübhəli
bilinməsi və günahlarının sübuta yetirilməsini əsas götürərək onların futbolla əlaqəsinə
rəsmi qadağa qoyulması qərarını vermişdi. Siyahıda “Turan Tovuz”un da 7 (yeddi)
oyunçusunun adı vardı.
İndi UEFA bunu əsas götürərək komandanı avrokuboklarda iştirakdan məhrum
etmək istəyir (bu barədə xəbəri ilk olaraq Xitab24.az yayıb).
AFFA İK-nın həmin iclasının qərar linki budur:
https://www.affa.az/index.php/news/ntizam-komitsinin-qrar/65952
Maraqlı və müəmmalı durumdur.
Birincisi, illər öncə baş verən, həmn vaxt hüququ statusunu almış bu
məsələ niyə indi ortaya çıx(arıl)ıb? Deyilə bilər ki, “komanda indi Avropaya
çıxıb, ona görə indi qərar veriblər”. Razılaşmıram, çünki TT artıq 3 ildir
UEFA-dan avrokubok lisenziyası alır, bir şey olsaydı, həmin vaxt deyərdilər.
Üstəlik, bir neçə gün əvvəl Tovuz stadionunu təftişə göndərən Avropanın ali
futbol qurumu bilmirdi ki, belə məsələ var? Bilirdisə, komanda
buraxılmayacaqdısa, niyə göndərirdi? Bilmirdisə, günahı ilk növbədə özündə axtarmalıdır.
Mən bilməmə ehtimalının sıfır olduğunu düşünürəm.
İkincisi, İcraKomun məlum qərarında konkret klublara cəza verilməsi
barədə qeyd yoxdur. Orada “Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat
və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı
bütün növ fəaliyyətlərinə qadağa qoyulur” cümləsi yazılıb. Klubların cəzalandırılması,
onlara hansısa uzaqlaşdırılma tətbiq olunması barədə heç nə yoxdur. Mətndən
aşkar görünür ki, sırf oyunçulara tətbiq edilən cəzadır. Bu o deməkdir ki, ya
AFFA həmin vaxt səhvə yol verib, ya da bunu ciddiyə almayıb, belə açıqlamaya
lüzum görməyib. Yəni ciddi bir məsələ kimi qəbul etməyib.
Üçüncüsü, siyahıda “Zirə”nin də adı var. Belə bir problem vardısa, bu
komanda sonrakı illərdə avrokuboklarda necə iştirak edib?
Dördüncüsü, həmin vaxt TT I Divizionda oynayırdı və həmin mövsümdə
çempion olsa da, Premyer Liqaya buraxılmamışdı. Növbəti mövsümdə də həmçinin. Qiyabi
şəkildə bunun özü də cəza sayıla bilər, cəzanın çəkilməsi kimi qəbul edilə bilər.
Beşincisi, bu məsələnin presedenti var. 2023-cü ildə UEFA ilə oxşar
bir məsələ yaşanıb, qərar klubun xeyrinə verilib. İspaniyada 2020-ci ildə bitən
təhqiqatın sonunda “Osasuna”nın bəzi rəhbərləri 2012-13 və 2013-14-cü illər
mövsümlərində korrupsiya, gəlirlərin gizlədilməsi, oyun alqı-satqısı və digər
bu kimi işlərdə günahkar bilinmiş, cəza almışdılar. UEFA bunu əsas götürərək əvvəlcə
klubu 2023-24-cü illər UEFA Konfrans Liqası yarışına buraxmaqdan imtina
etmişdi. Sonra “Osasuna” məsələni CAS-a apararaq, keçmiş rəhbərlərlə heç bir əlaqələrinin
olmadığını bildirmiş, sübuta yetirmişdi. Bundan sonra UEFA CAS-ın qərarını əsas
götürərək cəzanı götürmüş, ispan klubunu yarışa buraxmışdı. Qərarın linki
budur:
Hələ ki, suallar və cavablarımız budur.
Günahkarları axtara bilərik.
Klubun keçmiş rəhbərliyi? Həmin vaxt kluba Oqtay Abdullayev rəhbərlik
edirdi, amma təbii ki, kurasiya AFFA-da idi. Səhv varsa da, onlar tərəfindən
edilib. AFFA barədə yuxarıda qeyd etdim ki, qurum bu məqamı ciddi saymadığından
heç bir addım atmamağı üstün tutub. Daha doğrusu, bu barədə UEFA-ya məlumat
verməkdən başqa. Yəqin ki, məlumat verilib, qarşı tərəf də bunu yetərli sayaraq
işi bitmiş hesab edib. Əksi olsaydı, başqa addımlar da atılardı. Məsələn,
klublara cəza, federasiyaya cəza və s. Yenə də iplər Elxan Məmmədova gedib
çıxır. Cənab sabiq baş katib buyursun, işi həll eləsin. Kömək etsin həllinə.
Klubun indiki rəhbərliyi? Diqqətsizlik ediblər? Ehtiram Quliyevin
komandası təhvil-təslimi ovaxtkı AFFA ilə edib. Nə bu qurum, nə də UEFA-dan müvafiq
“qırmızı” sənəd gəlməyibsə, göstərilməyibsə, “təzələr”i günahlandırmaq
haqsızlıq olardı.
Düşünürəm ki, “günahkar kimdir” yox, “məsələni necə həll edək”
sualına cavab tapmalıyıq. “Turan Tovuz” bura alnının haqqı ilə gəlib, uzun yol
keçib, böyük əmək, güc və maliyyə sərf edib. İndi avrokuboklarda iştirak etməsi
komandanın da, klubun da, azarkeşlərinin də layiq olduqları mükafatdır. Bunun həyata
keçməsi üçün isə hamımız çalışmalıyıq. Təbii ki, bu məsələdə hazırkı AFFA günahkar
deyil. Ancaq ölkədə futbola cavabdeh qurum odur. Sabah bu məsələ ictimai
rezonans doğuranda, diqqətlər məhz ora yönələcək. Qurum resurslarını işə
salmalı, əlaqələrindən istifadə edərək dəstək olmalıdır. Onsuz da Avropada bizi
sevmirlər, UEFA-nın qərəzli münasibətini avrokubok matçlarında az görməmişik. “Turan
Tovuz” məsələsi bu “yol”un davamıdır. Təmsilçimizə sahib çıxaq.
Klubun üzərinə isə tələsmək, CAS-a mümkün qədər tez müraciət etməklə
hüquqi prosedurları sürətləndirmək düşür. Əldə etdiyim məlumata görə, artıq vəkil
tutulub və işlərə start verilib. İşə maksimum ciddi yanaşılmalıdır. Haqq klubun
tərəfində olsa da, tək “mən düzəm” deməklə alınmır. Atalar məsəlimiz var bununla
bağlı.
Tovuz camaatı hər şeyin ən yaxşısını haqq edir. Ümid edirəm ki, hər
şey məhz onların, elə bizim də istədiyimiz kimi olacaq.