Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klub saytına açıqlama verib.


Rekord.az xəbər verir ki, o, Avstriyanın “Zalsburq” (1:2) klubu ilə keçirilən yoxlama oyunu barədə fikirlərini bildirib:


“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq. Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik. Toplanışda son oyunumuz idi. Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm ümumi hazırlıqdan razı qaldım”.


Mütəxəssis komandanın ümumi durumunu da dəyərləndirib:  “Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra daha da idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.