Polşa təəssüratımı bölüşəcəyimə söz vermişdim, iş çox olduğu üçün heç cürə vaxt edib yaza bilmirdim, amma məsəl var, söz vaxtına çəkər, bu günə qismət imiş, çünki həmin gün də hava çiskinli, yağışlı idi...


Ümumiyyətlə, hansısa ölkəyə səfərim olanda qonşu ölkələrə getmək imkanlarını da nəzərdən keçirirəm. Çünki jurnalistlərin futbolçular, klublar, klub nümayəndələri kimi tez-tez səfərə çıxmaq imkanları olmur. Milli ilə ayda-ildə bir səfərin ola, ya olmaya, çalışıram səmərəli dəyərləndirim. Həmişə də olmadığı ölkələrə üstünlük verirəm. Məsələn seçimdə Almaniya, yoxsa Moldova varsa, Moldovanı seçərəm, çünki orda olmamışam. Ona görə Litva səfərinin planlarını cızanda qonşu ölkələrə keçmək imkanlarına da baxmışdım və ən uyğunu Polşa olmuşdu. Bu ölkənin Suvalki şəhəri ilə bizim qalacağımız Kaunas arasında təxminən 125-130 km-lik bir məsafə var idi. Bir növü Sumqayıt-Şamaxı arası bir məsafə. Üstəlik, bu iki şəhər arasında gündəlik avtobus marşurutu da mövcuddu. Özü də Avropada kifayət qədər məşhur olan “FlixBus” şirkəti ilə. Düzdür, marşurut sırf bu iki şəhər arasında nəzərdə tutulmayıb. Sadəcə, “FlixBus” yolunun üstündə olan ölkələrdən və şəhərlərdən də sərnişin götürür. Sadəcə, bilet alıb göstərilən vaxtda təyin olunan yerdə olmalısan.



Kaunasda qaldığımız “İbis” oteli ilə Kaunas avtobus vağzalı arasında ayaqla 3-4 dəqiqəlik məsafə var idi. Oteldən çıxıb sağa 100 metr gedib sola dönürsən vağzaldı. Öncədən sistemə də baxmışdım ki, gün boyu burdan Suvalkiyə avtobuslar işləyir. Biz Litvaya sentyabrın 24-ü gecə çatmışdıq. Mən də Polşa səfəri üçün ayın 25-ni seçmişdim. Çünki 26-ı mətbuat konfarnsları, açıq məşq, 27-i isə oyun idi. Yəni bu günlərdə Kaunasda olmaq vacib idi. Amma 25-i boşluq idi.



Beləliklə, səhər yeməyini yeyib oteldən çıxdım. Gecə bəzi həmkarlar Polşaya getməyi planlaşdırdıqlarını desələr də, səhəri gün fikirlərini dəyişdikləri üçün tək getməli oldum. Avtovağzala daxil olub kassaya yaxınlaşdım. Şüşənin araxsında əyləşən qadın rus dilində sual verməyimdənmi, yoxsa xasiyyətindən irəli gələn səbəbdənmi çox soyuq danışırdı. Hətta bilet istəyəndə dilinin altında mızıldana-mızıldana “görək hələ bilet var”, “baxaq görək avtobus” olacaq kimi ifadələr işlətdi. Telefonda qrafiki göstərəndən sonra könülsüz şəkildə pasportumu alıb bileti verdi. Geri dönüşlə bağlı sualıma isə “mən ancaq bilet satıram” deyib cavab vermədi. Mənə yalınız avtobusun yola düşəcəyi dayanacağı göstərdi. Hər halda, bileti götürüb çölə çıxdım, avtobusun gələcəyi 20 saylı dayanacağa yaxınlaşdım. Orda dayanan nəzarətçi kişi ilə söhbət zamanı da məni əmin etdi ki, hər gün bu iki şəhər arasında avtobus reysi olur və bu baxımdan heç bir problem yoxdur. 10:55-də, yəni biletdə göstərilən vaxtda “FlixBus”un yaşıl rəngli, müasir, komfortlu avtobusu dayanacağa yaxınlaşdı. Biletimi sürücüyə göstərib keçib yerimdə əyləşdim. Avtobus 5 dəqiqəlik “pasadka”dan sonra yola düşdü. Avtobusda pulsuz Wi-Fi-nin olması da ayrı rahatlıq idi. Qısası, hər şey əla, hər şey rəvan gedirdi. Litva-Polşa sərhəddində də ciddi yoxlanış olmadı, yalnız hərbi geyimli iki gənc qız (litvalı, yoxsa polyak olduqlarını bilmədim) ayaqüstü pasportlara baxıb qaytardılar.



Saat 13:10-da avtobus Suvalki avtovağzalına çatdı. Düşən kimi ilk olaraq ordakı kassaya yaxınlaşdım ki, geridönüş bileti alım, sonra rahat şəhəri gəzməyə çıxıb. Çünki Kaunasa gedən avtobus saat 14:35-də Suvalkidən keçəcəkdi və gəzmək üçün 2 saatdan çox vaxtım var idi. Kaunasla müqayisədə Suvalki vağzalı həm kiçik idi, həm də baxımsız. Cəmi bir kassa var idi. Şüşənin arxasında əyləşən 50-55 yaşlı qadına yaxınlıaşıb Kaunasa bilet istəyəndə məlum oldu ki, burda yalnız daxili reyslərə bilet satılır. Tam anlaşılmama ehtimalını nəzərə alıb pasportumu və Kaunasda aldığım bileti göstərib bir daha fikirimi izah etməyə çalışdım. Çünki qadın ancaq polyak dilində danışırdı, ingilis və rus dillərini başa düşmürdü. Amma cavab yenə eyni oldu ki, Kaunasa bilet yoxdur. Yalnız 8 saylı dayanacağı işarə edərək başa saldı ki, Kaunasa gedən avtobusa ordan minə bilərsən. Necə minəcəksən, saat neçədə minəcəksən, bilet işini necə həll edəcəksən, bu haqda heç nə bilmədiyini dedi. Dalağım ilk olaraq orda sancdı. Çünki Kaunasda kassadan rahat bilet aldığım üçün Suvalkidən də eyni rahatlıqla bilet alacağımı düşünmüşdüm. Amma burda məlum oldu ki, kassadan bilet satılmır. Düşündüm ki, bəlkə ödəniş nağd olacaq, amma özüm də özümün bu versiyama inanmadım. Çünki Avropa Azərbaycan deyil ki, hansısa sürücüyə deyəsən ki, qardaşımsan, al bu 5 manatı da artıq verirəm mənə bir yer təşkil elə. Online variantı isə hələ ağlıma gətirmirəm. Nə isə. Dedim gedim bir az gəzim, uşaqlara şirniyat filan alım, qayıdanda baxaq görək nə olur.



Bəli, vağzaldan çıxdım, ətrafı bir az gəzməyə başladım. Suvalki kiçik şəhəri, cəmi 70 min əhalisi var. Əvvəllər kiçik qəsəbə olub, 1870-ci ildən şəhər statusu alıb. 1918-21-ci illər Rusiya-Polşa müharibəsindən sonra Polşanın bir hissəsi olaraq qalıb. İkinci dünya müharibəsində isə Polşanın SSRİ ilə Almaniya arasında bölünməsindən sonra Şərqi Prussiyaya birləşdirilib. Həmin dövrdə bu şəhərdə nasist hərbi düşərgəsi də fəaliyyət göstərib. Həmin vaxt dünyasını dəyişən hərbi əsrlər bu şəhərdə dəfn olunurmuş və o dönəmdən qalan qəbirstanlıq bu gün də mövcuddu. Şəhər 1944-cü ilin payızında Sovet qoşunları tərəfindən alman işğalından azad edildi və İkinci Dünya Müharibəsindən sonra sosialist Polşaya birləşdirildi. “Wigry” Milli Parkı ilə tanınır. Daha çox ağac emalı və sənaye məhsullarının ixracı ilə məşğuldu. İri sənaye və istehsal müəssisələri yoxdur. Şəhər özü də sakit şəhərdi. Hiss olunur ki, burda da yaşıllığa böyük önəm verilir. Polşa Avropa İttifaqının üzvü olsa da, hələ ki, Avrozonaya daxil olmadığı üçün burada rəsmi pul vahidi avro yox, zlotdı. 1 Polşa zlotu təxminən 43-45 qəpikdi. Amma deyək ki, “Lidl” kimi brend mağazalar şəbəkəsindən alış-veriş edərkən ödənişi avro ilə edə bilərsiniz. Amma pulun qalığını sizə zlotla qaytaracaqlar. Təəssüf ki, şəhəri daha çox gəzmək üçün zamanım olmadığı üçün avtovağzala qayıtmalı idi. Qayıtdım və əsl macəra da bundan sonra başladı...



Sistemdə Kaunasa gedəcək avtobusun saat 14:35-də Suvalkidən keçəcəyi göstərilsə də, deyilən vaxtda avtobus gəlmədi. Bundan sonra narahatçılıq başladı. Çünki artıq nələrsə düz getmirdi. Kassa bilet satmır, avtobus deyilən vaxtda gəlmədi. Məcbur yenə kassaya yaxınlaşdım və yenə həmin qadın, yenə eyni reaksiya. Hətta bu dəfə hiss elədim ki, daha əsəbi tonda mənimlə danışmağa başladı. Konkret izah etdi ki, çıx burdan, heç nə bilmirəm və heç bir kömək də edə bilməyəcəm. İş orasındadır ki, avtobus sürücüləri də sənə kömək etmirlər. Onların da böyük əksəriyyəti polyak dilindən başqa heç bir dil bilmir. Sənə də çox laqeyd, soyuq yanaşırdılar. Ümumiyyətlə, bu baxımdan deyim ki, polyaklar xatirimdə mənfi iz buraxdı. Polyakların nasist xrakterli olduğunu mənə demişdilər, amma mən inanmırdım. Əksinə, onları daha mülayim hesab edirdim. Təəssüf ki, deyilənlər özünü doğurultdu. Başqa şəhərlərdə insanların necə olduğunu deyə bilmərəm, amma Suvalkidə insanların böyük əksəriyyəti çox soyuq, laqeyd idi. Hətta ən çətin durumda olan insana da kömək etmirlər. Təsəvvür edin, bizdə avtovağzalda hansısa turist çətin vəziyyətə düşsə, hamı ona kömək etməyə çalışar. Deyək ki, İsmayıllıya getmək istəyən əcnəbiyə Lənkəran avtobusunun sürücüsü də kömək edər, Qusar avtobusunun sürtücüsü də. Amma Suvalkidə avtobus sürücüləri heç ayaq saxlayıb sənin sualına cavab vermək istəmird. Suala cavab bir yana, adi telefonla şəkil çəkmək istəyini belə yerə salırdılar. Kİmdənsə internet, adapder xahiş etsən belə, onu sənə verməyəcəklər.


Vəziyyəti belə görüncə yalnız polisə müraciət etməyə qərar verdim. Tərslikdən internetim də yoxdur. Telefonda da 20-25 faiz “zaryatka” var. Telefonum özü də borcdan bağlı idi. Ən azı kiməsə 2 dəq zəng edəsən, vzv atasan. Hələ burda olarkən xəbərdarlıq mesajı gəlmişdi ki, balansı artır nömrən bağlanmasın, mən də fikirləşdim ki, gedim gəlim sonra yükləyərəm. Qısası, çox çıxılmaz bir vəziyyətdə qalmışam Suvalki vağzalında. Sistemdə növbəti avtobusun 16:45-də gələcəyi göstərilir, screen edib götürmüşdüm. Amma düşünürəm ki, 14:35 gəlməyibsə, 16:45-də gəlməyə bilər. Ona görə fikirləşdim ki, 2 saat burda vaxt itirməyib başqa variantlara baxım. Başqa variant da polisdi. Vağzal ətrafında rus dilini bilən bir nəfər tapdım və ondan Kaunasa necə gedə biləcəyimi soruşdum. O da məni bir taksi sürücüsünün yanına apardı ki, bu turistdi Kaunasa apara bilərsən? Sürücü isə bildirdi ki, 120 zlota (25 avro) Litva sərhəddinə kimi apara bilər. Ordan Kaunasa qədər isə başqa maşına 120 avro verib getməliyəm. Yəni 9 avroya gəldiyim yolu 145 avroya qayıtmalıyam. Təbii ki, razılaşmadım. Həm üstümdə də o qədər pul yox idi, maksimum 100 avro filan idi. Odur ki, başladım polis axtarmağa və məlum oldu ki, polis binasına getmək üçün 2 km yol qət etməliyəm. Hava soyuq, çiskin və başladım deyilən istiqamətdə getməyə. Mərkəzdən xeyli uzalaşdıqdan sonra nəhayət, Suvalkinin polis idarəsini tapdım. Ağlım bizim polislərə gedib ki, hansısa əcnəbi çətin duruma düşəndə tez ona kömək edir, istiqamətləndirir, lazım gələndə aparıb aidiyatı quruma təhvil verir, yəni nə kömək lazımdı edir. Bunlarda elə şey yox imiş. Birincisi, içəri girmisən içəridə adam yoxdu. Bizdə hələ həyət qapısından keçəndə qabağını kəsirlər ki, kimsən, hara gedirsən. O boyda binada var-gəl edirəm, o qapını, bu qapını açıram bir adam səsə çıxmır. Hətta “bəlkə girişi səhv salmışam” deyib çölə çıxıb yan tərəfə fırlanmışam və məlum olub ki, ora prokrorluqdu və polisin girişi elə bayaqkı yer imiş. Yenidən ora qayıdanda bir polisin maşına mindiyini gördüm. Tez ona yaxınlaşıb vəziyyəti izah elədim və o da hardan gəldiyimi, nə üçün gəldiyimi soruşub əsas girişə yönləndirdi. Yenidən geri qayıdıb şüşəni döyəndən sonra içəricən 35-40 yaşlarında bir polis işçisi çıxdı. Demək ki, adam var imiş sadəcə, pəncərəni döyüb çağırmaq lazım imiş. Bu polisə də ingilis dilində vəziyyəti izah etməyə çalışanda məlum oldu ki, bu dili yaxşı bilmir. “Po russki” deyəndən sonra isə “luçşe po russki” dedi və gördüm ki, rus dilini daha yaxşı bilir. Vəziyyəti ona izah edəndə öncə elə bildi ki, pulum yoxdu. Lakin bildirdim ki, pulum var, sənədim də qaydasındadır sadəcə, geri dönə bilmirəm, bilet də yoxdur, avtobus da. Bu zaman mənə “bileti online almaq lazımdı” deyəndə elə bil ayıldım. Mən açığı online bileti heç vaxt ciddiyə almamışdım. O mənada ki, ödənişi edərəm pul yüklənməz, hansısa problem çıxar, ondansa elə nağd alım. Amma bu polislə söhbətdə anladım ki, Avropada online bilet ən vacib məqamlardan biridir. Hələ üstəlik, istifadə etdiyin avtobus səni yol üstündən götürəcəksə. Söhbət zamanı daha bir məqam da üzə çıxdı. Sən demə 14:35 avtobusu Suvalki vağzalından keçmirmiş, yaxınlıqdakı küçədən keçirmiş. Polis ona göstərdiyim qrafikdə də əli ilə küçənn adını göstərdi ki, burda “Bus stadion” yazılmayıb, küçə adı yazılıb. Amma 16:45 avtobusu avtovağzalıdan keçirdi ki, polis axtarışına çıxdığımdan onu da artıq buraxmışdım. Növbəti avtobus isə 3 saatdan sonra Suvalki vağzalından keçəcəkmiş. Son olaraq polisdən mənə necə kömək edəcəyini soruşduqda dedi ki, burdan daha 2 km getməlisən, yolun sağında “Swiss Bar” deyilən bir məkan var, ordan tırlar, mikroavtobuslar çıxır bəlkə hansısa biri Litvaya tərəf getsə, minə bilərsən. Polşa polisinin mənə maksimum köməyi bu oldu. Fikirləşdim ki, yenidən avtovağzala qayıdıb 3 saat gözləməkdənsə daha 2 km gedim bəlkə Litvaya gedən kimisə tapdım. Beləliklə, o yağışda daha 2 km getdim. Şəhərdən tamam aralaşdım və 2 km gedib deyilən yeri tapdım. Mikroavtobuslar çox idi, amma yalnız birinə minik var idi. O da yaşlı bir kişidən soruşdum məlum oldu ki, Ukraynaya gedirlər və maşında da yer yoxdu. Başqa sualıma da cavab vermədi. Bəlkə də rus dilində soruşduğumu gördüyü üçün məni Rusiya vətəndaşı hesab elədi. Rus dilini bilən başqa bir şəxs isə dedi ki, bu gün cümə günüdür, adətən Litva istiqamətinə maşınlar altı-bazar gedir. Ona görə çətin ki, Litvaya gedən kimisə tapasan, amma yenə də içəri keç sürücülərdən özün soruş. Girmişəm içəri pub-kafe-yeməkxana kimi bir yerdi, hamısı da tır şoferləri. “Receb İvedik”də səhnə var kopya onun eynisi. Hamıdan bir-bir soruşdum, məlum oldu ki, həqiqətən də burdan Litvaya heç kim getmir. Beləliklə çar-naçar ordan da çıxıb yenidən üz tutdum geri. Tək ümidim 20:28-də gələcək avtobusadır ki, bəlkə sürücüyə nağd ödəniş edib gedə biləm. Hansı ki, o da böyük sual altındadır, çünki bura Avropadı online bilet olmasa götürməyəcək. Çarəsiz şəkildə 4 km yolu geri qayıdıram. Yağış şiddətini artırıb, üst-baş su, özüm də səhər yeməyinin üstündəyəm, telefon yox kimi bir şeydi, internet yox, kontur yox, “zaryatka” düşüb 10 faizə, sağ-sol çöllük, köməksiz vəziyyətdə gedirəm. Kimsə hövsələ edib bura kimi oxuyubsa, ona adi görünə bilər, amam həqiqətən o duruma düşməyi heç kimə arzulamıram. O cür situasiyalarda bacardığım qədər soyuqqanlı olmağa çalışan biriyəm, amma o anda mən belə ümidsizləşmişdim. Hara gəldim, ümumiyyətlə, niyə gəldim, bundan sonrası necə olacaq, heç kim burda məni başa düşüb kömək etmir, başa düşənlərə əlim çatmır. Təbii elə anda insanın yadına ilk olaraq ev, ailə, uşaqlar düşür və qəribə bir duyğusallıq, kövrəklik yaranır. Amma son anda özümü toplamamağa çalışıb yola davam edirəm ki, bir yol tapmalıyam burdan çıxmaq üçün. Ən pis variantım o idi, uzaq başı gecəni Polşada keçirib, tezdən hansısa taksi ilə ya sərhəddə, ya da birbaşa Kaunasa getmək. Pul artıq önəm daşımır, nə qədər olur olsun, uzaq başı uşaqlardan alıb verərdim, sonra uşaqların borcunu ödəyərdim. Bu düşüncələrlə 4 km yolu geri qayıdıb Suvalki vağzalına çatdım. Hava da qaralıb, vağzalda ins-cins yoxdur, kassa bağlanıb, yağış da yağır. Vağzal da bizim istifadə olunmayan rayon avtovağzallarına oxşayır. Bir anlıq düşündüm ki, ümumiyyətlə, bura avtobus girəcək yəni? 10 metr kənara çəkilmişdim ki, gözüm yolun o üzündəki “McDonalds” sataşdı. Birdən ağlıma gəldi ki, gedim ora nə isə alım oturum, internet olmamış olmaz, heç olmasa parolu alım internetə qoşulum evə, dostlara xəbər göndərim. “McDonalds”a yaxınlaşanda gördüm ki, internet pulsuzdu. Dərhal ilk olaraq evə yazıb vəziyyəti izah etdim. Dedim salamat olmağına salamatam, amma qalmışam Polşada Litvaya qayıda bilmirəm. Sonra Litvadakı həmkarım Araz Əhmədovla Səbuhi Musaya yazdım, onlara vəziyyəti izah elədim. Araz əvvəl məni danladı ki, niyə online bilet almamısan, sonra da dedi səbrli ol görək necə kömək edirik. Sağ olsunlar dərhal giriblər səhifəyə həmin 20:28 avtobusuna online bilet alıblar və şəklini atıblar mənə. Amma dedilər ki, yarım saat yubanacaq sən get avtovağzala 20:57-də ordan keçəcək avtobusu buraxma. Təsəvvür edin, qayıtmışam avtobusa, amma ümidim yoxdur ki, hansısa avtobus ins-cins olmayan bu vağzala girsin. Yaxşı ki, hansısa Polşa şəhərindən gələn avtobus vağzala girib adam düşürəndə ümidimi artırdı. Amma məsələ budur ki, saat 21:00 olsa da mənim avtobusum gözə dəymirdi. Sən demə növbəti dəfə yubanma olub, internetim də olmadığı üşün uşaqlar bunu mənə çatdıra bilməyib. Eyni zamanda özləri də narahat olub ki, birdən vağzaldan kənarlaşaram bu avtobusu da buraxaram. Day demirlər ki, ən pis halda gecəni vağzalda keçirməyi planlaşdırırdım)) Nəhayət, 21:20-də gördüm yaşıl rəngli “FlixBus” vağzala tərəf şütüyür. Düzdür. əsas girişə girməyib yan keçincə bir anlıq ümidlərimi suya endirdi, amma irəlidən sola dönüb vağzala yaxınlaşmaqla suya enən ümidləri yenidən qaytardı. Birbaşa qaçıb qabağını kəsdim)) Orda da problem yaşadım çünki QR kodu oxutmaq olmurdu. Yaxşı ki, köməkçi-sürücü sistemə girib ad-soyadımı tapdı və "keçin, yeriniz 20 B-di" dedi. Keçib yerimdə oturanda elə bil üstümdən ağır bir yük götürüldü. O an dünyanın ən xoşbəxt insanlarından biri idim. Gecə saat 2-nin yarısı otelə çatdım. Yuyunub yerimə uzananda bütün bu yaşadıqlarımı yuxu kimi qəbul etdim. Real olduğuna əmin olmaq üçün yenidən açıb "McDonalds"ın yanından evə, uşaqlara yazdığım mesajlara baxdım. Amma tez də ordan çıxdım. O anları xatırlamaq belə istəmirdim. Bax mənim Polşa səfərim belə səfər oldu. Yaddaşımda xoş xatirə kimi qalmayacaq Polşa.


Anar XANLAROV

Qeyd: Jurnalistlərin Litva səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə həyata keçirilir.