Misli Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün “Turan Tovuz” evdə “Kəpəz”lə qarşılaşıb.

Tovuzda keçirilən bu qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. Üç qolluq oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.


* * * 

Qərbin ən böyük matçında meydan sahibləri əzəli rəqiblərini son dəqiqələrdəki qolla yenməyi bacardılar. Çox vacib 3 xal oldu. "Turan" həm derbidə üstün olaraq motivasiyasını yüksəltdi, həm də çempionluq yolunda hədəfə doğru irəliləyişini itkisiz davam etdirdi. Komanda qızıl medal yarışında ön sıralardadır və ordan asanlıqla geri çəkilməyəcək.


Matçın ilk 60 dəqiqəsi haqda danışmasaq da olardı. Çünki bu müddət ərzində derbinin gətirdiyi təbii gərginlik qol epizodlarının çoxluğuna vəsilə olmadı. Bir dəfə "Kəpəz", bir dəfə də "Turan" hədəfə yaxın olsalar da, istəklərinə çata bilmədilər, digər vaxtda isə yalnız qarşılıqlı qorxutmadan başqa heç nəyə şahidlik etmədik.


Son 30 dəqiqə isə alovlu alındı. Meydan sahibləri hücumda daha aktiv idilərsə, Azər Məmmədovun yetirmələri sürətli əks-hücumlara güvənərək nəticə qazanmağa çalışırdılar. Tovuzluların təzyiqi daha çox idi və hamının qolun yetişdiyini hiss etdiyi anda fərqləndilər. Əslində, "Kəpəz"in müdafiəsini yarmaq asan deyildi və müxtəlif kombinasiyalar effekt vermirdi. Belədə ümid uzaqdan zərbələr və standart vəziyyətlərə qalırdı ki, bu da "Turan"ın bacardığı ən yaxşı işlərdəndir. Kapitan Hurtadonun künc zərbəsindən vurduğu top oyunda yeganə ola bilərdi. Ancaq gəncəlilər asan təslim olmaq fikrində deyildilər. Sona yaxın gerçəkləşən həmlələri öz nəticəsini penaltiylə verdi ki, onu da Şakir Seyidov dəqiq yerinə yetirdi. 


Qarşılaşmanın bərabərə bitəcəyi düşünüldüyü anda isə Jo Batista səhnəyə çıxdı. Zədəli olan, matçdan öncə meydana çıxacağı belə dəqiq olmayan braziliyalı bombardir, son 4 matçdakı 4-cü qolunu vuraraq komandasına böyük qələbə, Tovuza isə böyük sevinc qazandırdı. Yerli dolu tribunalar derbidəki zəfəri çılğınca qeyd etdilər.


Sonluğu hərarətli, əsl derbiyə yaraşan bir matç izlədik. Hər iki komanda sona qədər döyüşərək formanın haqqını verdilər. Gözəldir. Həmişə belə olsun, həmişə belə maraqlı olsun.


Misli Premyer Liqası
13-cü tur

28 noyabr

“Turan Tovuz” – “Kəpəz” 2:1
Qollar: Hayderson Hurtado, 72. Joarlem Santos, 90+1 – Şakir Seyidov, 84-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu, 16:30.

Turan Tovuz: 1. Oleq Baklov, 88. Faiq Hacıyev, 5. Roderik Miller, 21. Stiv Besnar, 90. Joarlem Santos, 77. İbrahima Vadji, 32. Hayderson Hurtado (k), 19. Roberto Olabe, 25. Denis Marandiç, 33. Filip Damyanoviç, 11. Dioqo Balau.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 99. Sadiq Şəfiyev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.
Kəpəz: 1. Rojerio Santos, 34. Ürfan Abbasov (k), 7. Namik Ələskərov, 8. Şakir Seyidov, 9. Kennet Kalunqa, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 10. Rəhman Hacıyev, 99. Əli Səmədov, 20. Rafael Məhərrəmli, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 2. Arzu Atakişiyev, 70. Şahnur İsmayılov, 23. Raul İsaqov, 21. Azuma Abubakar, 33. Benito.
Baş məşqçi: Azər Məmmədov.