“Kəpəz” bu gün Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”un qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib. Məmməov 1:2 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:


“Bu bizdə qərb derbisi adlanır. Bizim üçün çox əhəmiyyətli oyun idi. Turnir cədvəlinin liderlərindən birinə qarşı çıxış edirdik. Düşünürəm ki, oyunçular layiqli çıxış etdilər. Əfsuslar olsun ki, məğlub ayrıldıq. Amma mən elə fikirləşirəm ki, bir xal qazanmalı idik. Rəqibdən heç də geri qalmadığımızı göstərdik.


Gəncədən bura gələn azarkeşlərimizə də təşəkkür edirəm. Paltardəyişmə otağında uşaqlara təşəkkür etdim.


Bilirdik ki, “Turan Tovuz”un əsas “silah”ı standart vəziyyətlərdir. Həftə ərzində bunun üzərində işləmişdik. Amma etiraf edək ki, bizim komandada rəqibdəki kimi hündürboylu oyunçular demək olar ki, yoxdur. Amma hər şeyə rəğmən, yaxşı mübarizə apardıq.


Futbolçularıma tapşırmışdım ki, rəqibin uzun ötürmələrinin qarşısını kəssinlər. Bir neçə dəfə bunun qarşısını ala bilmədilər. Bir az ona görə özümdən çıxmışdım. Çünki bilirdim ki, “Turan Tovuz” belə vəziyyətlərdən yaxşı yararlanmağı bacarır. Futbolçulara tapşırıram ki, çalışın qol buraxmayan. İnanın ki, bu gün də bura üç xal üçün gəlmişdik. Qarşıdakı səfər oyunlarına da üç xal qazanmaq üçün yollanacağıq”.