“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Rekord.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyun bizim üçün uğursuz başladı. Halbuki bütün həftə matça hazırlaşarkən rəqibin pressinq edəcəyini nəzərə almışdıq. Tapşırıq sadə oynamaq və risk etməmək idi. 15-20 dəqiqə ərazi üstünlüyünə malik olsaq da, təhlükəli qol imkanlarımız olmadı. Üstünlük bizdə idi, rəqib müdafiəyə çəkilmişdi. İkinci hissədə daha sürətli oynamağa başladıq. Futbolçulardan razıyam. Səfərdə çempionatın favoriti ilə oynayırdıq. “Neftçi”nin səviyyəsini bilirik. Bu şəkildə davam etsək və zədəli futbolçularımız qayıtsa, daha da güclənəcəyik.

– Ötən oyunda Dimitri Leqbo müdafiənin sol cinahında, bu gün isə vinger mövqeyində oynayırdı…

– Vinger çatışmazlığımız var. Hazırda vingerimiz Eren Aydındır. Kris Diqbe və Dameyn Smit isə baxışdan sonra komandaya cəlb etdiyimiz perspektivli futbolçulardır. Onları gələcəyi də düşünərək transfer etmişik. Zərurət yarandıqda rotasiyalar edirik. Amin Seydiyev və Qismət Alıyev cinah müdafiəçiləridir. Leqbo və Aydından isə vinger kimi istifadə etməyi planlaşdırırıq. Leqbo hücumda yaxşı çıxış edirdi. Finlandiyada çoxlu məhsuldar ötürmələri olub, 14-15 qol vurub. İkinci hissəni çox yaxşı keçirdik. Belə oyunlarda qalib gəlmək üçün hücum xəttində matçın taleyini həll edə biləcək futbolçular lazımdır.

– Oyundan sonra Yuri Verniduba barmağınızla xəbərdarlıq etdiniz. Siz getdikdən sonra o da eyni hərəkəti etdi…

– Barmaqla bağlı epizodu xatırlamıram. Ona dedim ki, özünüzə həddindən artıq yersiz danışmağa imkan verirsiniz. Siz “Neftçi”dəsiniz, bu kluba hörmətimə görə heç nə demirəm. Amma düşünməyin ki, deməyə sözüm yoxdur. Ötən oyunda da çox yersiz danışmışdı. Amma “Neftçi”yə hörmətimizə görə susuruq. Bəzi açıqlamaları və sözləri ona yaraşmır. Fasilədə də yanımdan keçərkən çox danışırdı. Nəsə desəydim, cavab verəcəkdi ki, sözləri mənə ünvanlamayıb. Halbuki məndən iki metr aralı keçirdi. Ona dedim ki, susmağımın səbəbi var: siz “Neftçi”dəsiniz və biz bu klubda çalışan hər kəsə hörmətlə yanaşacağıq.

– Oyunun sonları gərgin keçdi. İlk dövrədəki görüşdən (0:1) sonra “Neftçi”nin futbolçularında hirs qalmışdı. Bunu hiss etdiniz?

– Xüsusi bir aqressiv davranış görmədim. Özümüz də futbolçu olmuşuq. Məğlub olduğun komanda ilə oyunu böyük istəklə gözləyirsən, qalib gəlmək istəyirsən. Anlayırdıq ki, “Neftçi” bu gün qalib gəlsə, qış fasiləsinə qədər olan təqvimi nəzərə alsaq, bu, onlar üçün son dərəcə vacib qələbə olacaq. Qış fasiləsinə lider kimi yollana bilərlər. Futbolçular tərəfindən hörmətsizlik görmədim.