“Mənimlə Rəşad Sadıqovun arasında heç nə olmayıb” - Yuri Vernidub
- 22:10
- 22
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 13-cü turunda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
– Rəşad Sadıqov aranızda mübahisə yaşandığını dedi, sizdən şikayətləndi…
– Aramızda heç nə olmayıb. Ola bilsin, onun tərəfində nəsə olub. Amma mənim tərəfimdən heç nə yoxdur.
– “Neftçi”yə gəldikdən sonra “Zirə”yə qalib gələ bilmirdiniz. Bu dəfə nəyi dəyişdiniz ki, qələbə qazandınız?
– Futbolçular oyuna necə başlamalı olduqlarını bilirdilər və bu, mənim xoşuma gəldi. Matçı iki hissəyə bölək. İlk hissədə üstünlük bizdə idi. “Zirə”nin hansısa təhlükəli epizodunu xatırlamıram. Çox erkən qol vurduq. Buna baxmayaraq, başqa imkanlarımız da oldu, sadəcə, onlardan istifadə edə bilmədik. İkinci hissənin 15-20 dəqiqəsində oyun bərabər səviyyədə gedirdi. 20-ci dəqiqədən sonra futbolçularımız məğlub olmaq istəmədikləri üçün daha çox müdafiədən oynamağa başladılar. Amma sona qədər tab gətirdik, hesabı qoruduq. Bu, bizim üçün çox vacibdir. İrəliləməyə davam edirik. Hətta 85-ci dəqiqədə meydana mərkəz müdafiəçisi buraxdım. Bundan sonra matçı 5-3-2 sxemi ilə başa vurduq. Çünki “Zirə”nin hava topları ilə oynadığını bilirdik. Onların heyətində Davit Volkov başla çox yaxşı oynayır. Mərkəz müdafiəçiləri də həmçinin. Elvin Bədəlovu meydana buraxmağımın səbəbi hər üç müdafiəçimizin hündürboy olması və cinahdan asmaların qarşısını almalı idilər.
– Nəticədən və dəqiqədən asılı olmayaraq, 90 dəqiqə üstün oyun nümayiş etdirən “Neftçi”ni nə vaxt görə biləcəyik?
– Bu suala cavab vermək çox çətindir. Mən də “Neftçi”nin 90 dəqiqə üstün oynamasını istəyirəm. Futbol inkişaf edir, yerində saymır. Bu mövsüm çox bəyəndiyim komandalar var: “Sabah”, “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı”, “Qarabağ”, “Zirə”. Bunların heç biri asan rəqib deyil. Onlar da həmişə üstün oynamaq istəyirlər. Onların da məşqçiləri var, onlar da qalib gəlmək istəyirlər və oyunlarını buna uyğun qururlar. “Sabah” – “Barselona” matçını izlədik. Mən deməzdim ki, “Barselona” bütün oyun boyu üstün idi. “Sabah” bərabər səviyyədə oynaya biləcəyini göstərdi. Hətta hesabı da ilk onlar aça bilərdilər. Çexiyanın “Viktoriya”sı Portuqaliyanın “Benfika”sından güclüdür? Amma hesab 4:0 oldu. Oyuna münasibətinə və çalışqanlığına görə komandamızın hər bir üzvünə minnətdaram. Belə davam etsələr, daha gözəl oyun nümayiş etdirəcəyik.
Rəşad Sadıqovla bağlı məsələyə gəlincə, belə bir şey xatırlamıram. Mən konfliktə meyilli insan deyiləm. Ona qarşı heç bir mənfi münasibətim yoxdur. Düşüncələrim və emosiyalarım yalnız oyunun bəzi epizodları ilə bağlıdır. Amma mədəni çərçivədə ona qarşı heç bir iradım yoxdur. Ona görə də bu mövzunu bağlamaq lazımdır.
– Azarkeşlərə müraciət etmək istəməzdiniz? Tribunalar yenə dolmur…
– Hər oyunda bu çağırışı edirəm. Bu gün azarkeşlərimizi salamlayıram. Futbol izləyən digər insanlara da salam göndərirəm. Ümid edirik ki, hər oyundan sonra azarkeşlərimizin sayı artacaq. Hamı 90 illiyimizdən, yubileyimizdən danışır. Gəlin, bizə dəstək olun. Onları burada, stadionda görmək çox xoşdur. Çalışacağıq ki, daha üstün oyun nümayiş etdirək və oyunumuz azarkeşlərimizin də xoşuna gəlsin. Onlar bizim 12-ci oyunçumuzdur. Baxın, azarkeşlər “Kəpəz”ə necə dəstək olurlar. Oraya baxanda ürəyim sevinclə dolur, sanki avrokubok matçı izləyirsən. İstərdim ki, bizim stadionumuz da tam dolsun. Azarkeşlər bizi irəli aparan enerji mənbəyidir. Belə olarsa, söz verirəm ki, bütün qələbələrimiz sizin qələbələriniz olacaq. (Sportal)