Üç qadın güləşçimiz üçün bürünc medal şansı
- 22:15
- 33
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.
Jalə Əliyeva (57 kq) almaniyalı Amori Andrixə və inlandiyalı Yenna Hemiaeyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla məğlub olan Əliyeva sabah bürünc medal uğrunda Tamara Dollak (Macarıstan) – Arina Demçanka (Belarus) qarşılaşmasının qalibiylə güləşəcək.
Ruzanna Məmmədova (62 kq) ukraynalı İlona Prokopevniuka tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:5. Ruzanna sabah bürünc medal görüşündə almaniyalı Naemi Laystnerlə üz-üzə gələcək.
Birgül Soltanova (65 kq) rumıniyalı 4 qat Avropa mükafatçısı Krista İntseyə 3:1 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finala yüksəlməyə də çox yaxın olub. Rusiyalı dünya ikincisi Alina Kasabiyeva ilə görüşdə 8:0 hesablı üstünlük əldə edən Soltanova tədricən təşəbbüsü əldən verib və minimal fərqlə (10:11) məğlub olub. Birgül sabah bürünc medal uğrunda türkiyəli Beyza Akkuşla güləşəcək.