“Etiraf edirəm ki, bu məğlubiyyətdə mənim taktiki səhvlərim oldu” – Dambrauskas
- 21:00
- 42
“Sabah” Misli Premyer Liqasının 10-cu turunda bu gün “Turan Tovuz”un qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis 2:3 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
“Turan Tovuz”u təbrik edirəm. Düşünürəm ki, onlar bizdən daha yaxşı çıxış etdilər, qələbəyə layiq idilər. Çox gözəl atmosfer var idi. Rəqib komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Etiraf edirəm ki, bu məğlubiyyətdə mənim taktiki səhvlərim oldu. Məsuliyyət mənim üzərimdədir.
Biz artıq 6 oyundur ki, sıx şəkildə çıxış edirik. Bəzən bizim bir taktiki məşqimiz olur. Bərpa olunmağımız üçün çox az vaxtımız olur. Amma bu, bizim istəyimiz idi, buna çalışırdıq. Uzun səfərimiz olacaq. Çalışacağıq ki, Çempionlar Liqasında “Vikinq”lə matçda ən yaxşı formamızda olaq.
Umarali Rahmonaliyev hazır idi, sadəcə, onu tonusda saxlamaq üçün ehtiyatda saxladıq. Velko Simiçin isə zədəsi var idi.
Hər oyun çətindir. “Vikinq” 14 oyundur məğlub olmursa, bu, o demək deyil ki, biz ora getməyək. Çalışacağıq ki, ən yaxşı nəticə ilə qayıdaq”.