Zaman-zaman futbolumuzdakı problemlərdən danışırıq, Premyer Liqa klublarını, məşqçiləri, futbolçuları, hakimləri müzakirə və tənqid edirik, bu da lazımdı, bunlar da deyilməlidir, yazılmalıdır. Amma heç vaxt bir şeyi unutmayaq ki, futbolun təməl prinsipi və ana xətti UŞAQ FUTBOLUDUR. Biz uşaq futboluna sözün əsl mənasında diqqət və qayğı göstərməsək, orda düzgün, peşəkar sistem qurmasaq, heç bir inkişafa nail olmayacayıq. Mən də düşündüm ki, bundan sonrakı bir neçə postumu sırf bu mövzuya həsr edim. Kifayət qədər ciddi problemlər var ki, deyilməlidir.




Məlum olduğu kimi, yayda AFFA yeni texniki direktoru ictimaiyyətə təqdim etdi. Hollandiyalı Edmond Klaus bu posta təyin olundu və federasiya uşaq futbolunun inkişaf sükanını bu şəxsə həvalə etdi. İlk vaxtlar pis başlamadı. Ora gedirdi, bura gedirdi, stadionlarda olurdu, hətta "Sabahın ulduzları" yarışını bir neçə dəfə stadiondan izlədi. Qısası, işləyən adam təəssüratı yaratdı. Üstəlik, dedilər "Ayaks"ın futbol akademiyasında da işləyib və öz bilik-bacarığı ilə bizim uşaq futboluna da töhvə verəcək. Amma adam çempionatın başlanmasına 1 həftə-10 gün qalmış elə qərarlar verdi ki, hamı qaldı mat-məətəl. Açığı, mən bu qərarlardan (əslində təklif idi, amma bu təklif elə qərar kimi qəbul olunmalıdır) sonra uşaq futbolunun daha bir neçə il geri atılacağını düşünürəm. Həmin bu Edmund bəy neylədi?




Bütün klubların futbol akademiyalarının rəhbərlərini yığdı və bildirdi ki, reqlamenti dəyişir. Məsələn, U-13 və U-14 yaşlı komandalar bundan sonra 11-11-ə oynamayacaq. U-14 9-9-a, U-13 isə 8-8-ə oynayacaq. Guya ki, belə olanda uşaqlar topla daha çox təmasda olacaq və fərdi keyfiyyətlərini daha çox artıracaq. Öz aləmində elə bilir ki, bizim futboldan anlayışımız yoxdur, biz heç nə bilmirik. Anormal qərardı axı. Niysini bir-bir yazacam.




1. 12 yaşdan sonra bütün komandalar tədricən 11-11-ə sisteminə, yəni böyük futbolun sisteminə keçir. Bununla da 15 yaşa çatanda tam bu sistemə oturuşmuş olur. Sən gəlirsən 15 yaşın astanasında olan və dünənə kimi 11-11-ə oynayan uşağa birdən-birə tələb qoyursan ki, çıx 8-8-ə oyna, 9-9-a oyna. 14 yaşında 9-9-a oynayan uşaq bir il sonra yenidən 11-11-ə keçəndə ora necə adaptasiya olacaq?



2. Həm məşqçi, həm də futbolçu üçün taktiki sistem pozulur. Sən əgər 11-11-ə oynayanda ofsayd qura bilirsənsə, 8-8-ə, 9-9-a bunu eyni effektlə edə bilmirsən. Ümumiyyətlə 8-8 oynanılan U-13 liqasında ofsaydın tətbiq olunması gülməlidir. Dəfələrlə şahidi olmuşam, uşaq da bezir, hakim özü də. 40 dəqiqə futbol oynayırlarsa, onun 20 dəqiqəsi fit çalmağa gedir. Çünki say azaldığı üçün ön xətdə oynayan uşaqlar demək olar hər ötürmədə ofsayda düşür.



3. Qeyri-peşəkarlıq. Təsəvvür edin, yay boyu bütün komandalar, məşqçilər heyəti 11-11-ə görə formalaşdırır. Deyək ki, mən "N" komandasının U-13 yaş qrupunda baş məşqçiyəm və yeni mövsüm üçün komanda formalaşdırıram, seleksiya aparıram, yeni futbolçular cəlb edirəm və 22 nəfərlik heyət yığıram ki, bunun 11-i əsas, 11-i ehtiyat qüvvə kimi nəzərdə tutulur. Çempionatın startına 1 həftə qalmış isə qərar verilir ki, reqlament dəyişir və oyunlar 8-8-ə oynanılacaq. Mən baş məşqçi olaraq qalıram çətin vəziyyətdə. Çünki 8-8-ə olandan sonra 22 nəfərlik heyət mənim üçün çox olur. Heç onların hamısını oynada da bilməyəcəm. Bunun başqa səbəbi də var, onu da yazacam. Məcburam 22 nəfərlik heyəti 16 nəfərə salım. 6 nəfər artıq qaldı qıraqda. İlk növbədə həmin uşaqların özünə psixoloji zərbə olur. Lap komandada saxlayıb məşq keçəcəm belə, oynada bilməyəcəm. Tez-tez əvəzləmə variantı da işə yaramayacaq. Niyə?



4. Çünki əvəzləməyə də limit qoyulub. Bizim uşaq U-13 liqasında oynayır. Tələb qoyulub ki, protokola 16 uşağın adını daxil edə bilərsən. İlk növbədə məşqçi məcbur olur ki, yuxarıda qeyd etdiyim kimi, hər tur 6-7 futbolçunu kənarda saxlasın. Yəni məcburdu növbəlilik prinsipinə keçsin. Bu da uşaqlara pis təsir edir. Məsələn, bizim uşaq ikinci turda protokola düşmədi. Və mən ona izah edə bimirdim ki, müəllim məcbur bunu edib, gələn dəfə də sizi də oynadacaq. Uşağın beynində psixoloji olaraq belə fikir yaranır ki, yəqin mən zəifəm ki, müəllim məni yarışa çağırmayıb. Digər anormallıq əvəzləmənin özünə də limit tətbiq olunmasıdır. Keçən ilə kimi uşaq liqalarında əvəzləmə limiti yox idi. Amma Edmund müəllimin təkidi ilə bu ildən onu da ediblər. Oyun ərzində 7 futbolçunu əvəzləyə bilərsən, amma bunu da 4 dəfəyə etməlisən. Çox lazımsızdır. Əksinə 12-13 yaşda əvəzləməyə limit qoymalı deyilsən ki, baş məşqçi bütün uşaqları davamlı şəkildə daha çox oynada bilsin.



5. Klaus deyir ki, bu reqlamenti ona görə tətbiq edir ki, uşaqlar topla daha çox təmasda olsun. Guya 11-11 olanda təmas az olur, futbolçu sayını azaldaq ki, topla təmas artsın. Bu da effekt verməyəcək, bunun da səbəblərini deyim. Sən sayı azaldırsan, amma meydançanın ölçülərini saxlayırsan.

Paylaşdığım şəklə diqqətlə baxın, Şimal zonası üzrə son turun oyunundan çəkmişəm, U-13 yaş qrupunun oyunudur. Sayı 11-11-dən salıblar 8-8-ə. Amma meydançanın ölçüsü olduğu kimi saxlanılıb. Özü də U-13 liqası olsa da, futbolçuların 11-12 yaşları var. Bizim uşağın oynadığı komandada çoxunun 11 yaşı var. 11-12 yaşlı uşağı salmısan 8-8-ə və buraxmısan bu boyda meydançaya. Bəs düşünmürsən ki, bu boyda meydançada bu uşaq nə qədər fiziki güc itirəcək? Lap deyək ki, hansısa 11 yaşlı uşaq mərkəzdə topu götürdü, iki nəfəri də keçdi təkbətəkə gedir. Bu gedib qapıya çatana kimi bütün gücü gedəcək heç zərbəyə güc qalmayacaq. Öz aramızdı, hamının da elə yüksək maddi imkanı yoxdur axı uşağın qidalanmasını yaxşı təşkil etsin. Elə uşaq var bəlkə də oyuna ac gəlir. Əvəzləməyə də limit qoymusan. Avropanın göbəyindən gələn Edmund bunları bilmir axı.

Qısası, bu qərarlardan, bu gedişatdan sonra ümidim tamam üzüldü, dediyim kimi, uşaq futbolunda yenə bir neçə il geri düşəcəyik. Onsuz da geridəyik.



Bu arada, yazını yazarkən qısa araşdırma apardım, Hollandiyanın özündə U-14 liqası 11-11-ə oynanılır. U-13 liqasında isə bu ildən pilot layihə kimi 9-9 ediblər, o da U-13-ün əsas liqasında yox, səhv etmirəmsə 3-cü liqasında. Elədirsə, bu Edmund hansı dəlləkliyi bizim uşaqların başında öyrənmək istəyir?


Anar XANLAROV