"Zəngəzur"u 4:1 hesabı ilə məğlub edərək ölkə kubokunda 1/8 finala vəsiqə qazanan "Karvan"ın baş məşqçisi Ramiz Məmmədov Rekord.az-a müsahibə verib: 




- Ramiz müəllim, öncə oyunla bağlı fikirlərinizi bölüşərdiniz.

- Uşaqlara "sağ ol" deyirəm, verdiyim tapşırıqları yerinə yetirdilər. Birinci hissədə 100 faizlik 5 qol epizodumuz oldu. Sadəcə, toplar getməyəndə getmir bu, futboldu. Uşaqlar ikinci hissədə lazım olan oyunu tədricən göstərdilər və qələbə qazandıq.

- Rəqibin qolu sanki kuryoz alındı. Sizin futbolçuların uşaq səhvi də demək olar. Nə baş verdi orda?

- Orda anlaşılmamazlıq oldu, zərbəyə çıxan futbolçu bir balaca gecikdi. Futboldu, olur.  Uşaqlarımızın çoxu ingilis dilini bilmir, elə şeylər də var, onu gərək ingilis dilində deyəsən. Vaxtında ingilis dilini öyrənsəydik, belə olmazdı. 

- Premyer Liqaya çıxanda yəqin ki, tərcüməçi tutarsınız...

- Yox, tərcüməçimiz var.

- Kubokdakı hədəfiniz nədir? 1/8 finalda "Zirə" ilə qarşılaşacaqsınız...

- Hara qədər bacarırıq, oynayacayıq. Potensialımız da var, oyunçularımız da var. 

- "Zirə"ni keçmək potensialı görürsünüz komandanızda?

- Köklü bir komandadır, 8-10 illik təcrübəyə malikdilər. Amma "Səbail" "Zirə"yə qarşı yaxşı oynadı. O cümlədən, II Liqa komandası da bizə qarşı yaxşı oynadı. Həmçinin, "Qaradağ Lökbatan"ın "İmişliyə", "Marafon"un "Zaqatala"ya qarşı göstərdiyi oyunlar göstərdi ki, futbolda keçilməyən rəqib yoxdur. Özünə inanmaq lazımdı. Təzə yığışmışıq, bir qədər vaxtda ehtiyacımız var. Legionerlərlə bağlı dil baryeri var, sağ olsun rəhbərlik, tərcüməçi də ayırıb. 

- Qarşınıza komandanı Premyer Liqaya çıxarmaq hədəfi qoyulub?

- Əlbəttə. Birmənalı şəkildə. 

- Birbaşa vəsiqə, yoxsa pley-off da olar?

- Hədəf çempionluqdu. O olmasa, minimum 2-ci yerlə.

- I Liqanın səviyyəsi necədir?

- Çox yaxşı. Premyer Liqada legioner limiti ləğv olunandan sonra yerli futbolçularIN çoxu I Liqaya üz tutdu. Görün I Liqada nə qədər Premyer Liqa futbolçusu oynayır. Mehti Cənnətov kimi milli səviyyəsində qapıçı gəlib "Səbail"də dayanır. 

- Sabiq klubunuz "Mingəçevir"in hazırkı durumuna da münasibət bildirərdiniz.

- Mingəçevir futbol şəhəridir. O komanda da yüksək liqada oynamağa layiqdi. Şəhər özü, stadion, azarkeşlər. Keçən ilin statistikasında ümumi I Liqada 25-30 min azarkeş oldusa, onun 15 mini Mingəçevir azarkeşləri idi. Elə bir şəhərə Premyer Liqa yaraşır və inanıram ki, o komanda qısa zamanda Premyer Liqada oynayacaq. O komandaya da uğurlar arzulayıram.


Kənan MƏSTƏLİYEV