Təşəkkürlər və yaxşı yol, Saşa! - yazı
- 13:38
- 87
"Sumqayıt"da Saşa İliç dönəmi rəsmən başa çatdı. Çox təəssüf...
Bəlkə də qalsaydı daha çoxunu edəcək, uğur qazandıracaqdı. Bəlkə də.
Əsas sual "niyə getdi"dir. Hər şey sadədir: İliç burda istədiyi büdcəni görmədi. Planlaşdırdığı transferlər, heyət zənginliyi olmadı, o da həm ruhdan düşdü, həm də lazımi nəticələri əldə edə bilmədi.
Mənim üçün əsas sual "hara gəldiyini bilmirdimi"dir. İş şəraiti baxımından ölkənin ən yaxşılarına malik olan İliç, buna rəğmən komandanın büdcəsinin kiçik olduğunu bilməyə bilməzdi. Bu klub çempionatın varlıları sırasında deyil (məncə olmalıdır, amma bu başqa söhbətin mövzusudur) və başqaları kimi böyük rəqəmlərlə müşayiət olunan keçidləri həll edə bilməz. Pul konkret bir mərkəzdən gəlir. O mərkəzin də prioriteti "Sumqayıt" yox, başqa klubdur. Ona görə də bu asılılıq şəhər komandasını heç vaxt daha ön plana çıxmağa imkan verməyəcək. Bu ilin yanvarında buna bir daha şahidlik etdik.
Hə, gələndə klub prezidenti ilə Saşa arasında nə söhbət olmuşdu, nə vədlər verilmişdi, bilmirik. Bəlkə də vədlər verilib, yerinə yetirilməyib. Ola bilər.
Amma məşqçi adaptasiya olmadığı bacarmalıdır. İşdən soyumaq olmaz. 4 autsayderlə matçdan cəmi 2 xal toplamağın vədlər, büdcə, şəraitlə əlaqəsi yoxdur. Fevral-mart aylarındakı enişin qarşısı alınsaydı, indi başqa şeylərdən danışırdıq. Böhranlı durumları idarə etməyi bacarmaq məşqçinin üzərində olan işdir.
Saşa İliç yaxşı məşqçi idi, amma hələ tam deyildi. Sanki bəzən aşkar şeyləri görmürdü, görmək istəmirdi. Ardıcıl xal itkiləri olan matçlardan birindən sonra ona həm konfransda, həm də sonrasında üzbəüz "oyunçularla sərt deyilsiz, mülayimlik nümayiş etdirirsiz" demişdim. Razılaşmamışdı. Sonralar iş o yerə çatdı ki, Saşanın eləməli olduğu işi klub prezidenti görməli oldu. İliç "Barselona" yox, "Sumqayıt"ın baş məşqçisi olduğunu qəbul etmək istəmirdi. Onun iş prinsipi, iş metodları böyük klublara daha çox uyğun gəlirdi, nəinki bura. Sən Səbuhiyə Kroos kimi münasibət göstərə bilməzsən. Bu, Səbuhidir.
Misal üçün Səbuhini dedim.
Nə olursa-olsun, reallıqla əlaqəni itirmək olmaz.
Obyektiv olmaq lazımdır. Saşa əfsanəvi futbolçu olub, çox yaxşı da şəxsiyyət idi. Onun bura gəlişi bizim üçün böyük lütf və zövq idi. Ancaq dekabrdan aprelə qədərki 5 ay ərzində, ardıcıl 14 matçda cəmi 1 qələbə qazanan ("Karvan"la) adamın ilk növbədə iş bacarığını sorğulamalıyıq. "Yaxşı oğlan" deyilən bir vəzifə yoxdur. Varsa da, içəridə deyil, çöldədir. Mən uğursuzluq olanda sələfi Vaqif Cavadovu tənqid edib səhvlərini bildirmişəmsə, eyni seriya cızan əcnəbi haqqında başqa fikir bildirsəm, düz olmaz. O da uğursuz idi, bu da uğursuzdur.
Saşa qala bilərdi. Yaxşı futbol oynadırdı, komandası rəngarəng oyuna üstünlük verirdi, müdafiəyə oturmurdu, oyunu izləyəndə darıxmırdın. Belə məşqçilərin işi həmişə maraqlıdır.
Ancaq alınmadı. Mən hazırkı durumda tərəflərin günahını 50/50-yə görürəm. Rəhbərlik daha yaxşı büdcə verə bilərdimi? Bəli. Saşa İliç əlindəki imkanlardan daha yaxşı istifadə edə bilərdimi? Bəli.
Hər iki tərəfin haqlı olduğu məqamlar var. Ancaq artıq qərar verilib.
Azərbaycan futbolundan bir Saşa İliç keçdi. Onu səmimi biri, yaxşı insan kimi xatırlayacağıq.
Hvala, Saşa!
Hər şeyə görə çox sağ ol.
Şəhər səni unutmayacaq!