Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteran futbolçu, "Şöhrət ordenli", “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş İsgəndər Cavadovu qəbul edib.

Rekord.az xəbər verir ki, görüşdə Şimal Regional Futbol Federasiyasının prezidenti Fərhad Həsənov, həmçinin veteran futbolçu Asəf Əliyev də iştirak edib.

İcra başçısı Cavadovu 70 illik yubileyi münasibəti ilə təbrik edib. Eyni zamanda veteran futbolçuya futbolun inkişafındakı xidmətlərinə görə də təşəkkür edib. Zakir Fərəcov daha sonra İsgəndər Cavadova və eləcə də digər qonaqlara Sumqayıtın 75 illiyinə həsr olunmuş kitab hədiyyə edib. Futbol veteranları isə icra başçısına "Regional Futbol Federasiyası"nın fəxri fərmanını, həmçinin arxasında 50 rəqəmi yazılmış milli komandanın forması və futbol veteranlarının imzası olan top hədiyyə edib.

Görüş zamanı SRFF prezidenti Fərhad Həsənov şəhərin 9 mk-da tikintisi davam edən yeni futbol meydançası haqda da icra başçısına məlumat verib. Zakir Fərəcov bu layihəni yüksək qiymətləndirərək öz dəstəyini nümayiş etdirib. Görüşün sonunda tərəflər xatirə şəkli çəkdirib.