Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə 07 may 2026-cı il tarixində Sumqayıt Olimpiya Idman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kamandan oxatma idman növü üzrə idman təşkilatlarının əməkdaşları arasında (kişi və qadın) Sumqayıt şəhər turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd Ulu Öndərin xatirəsinin yad edilməsi, kamandan oxatma idman növünün təbliği və inkişafı, əməkdaşların asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda kişilər arasında Kənan Xanalıyev birinci, Həsən Həsənov ikinci, Zaur Dadaşov üçüncü yerə layiq görülüb. Qadınlar arasında Gülnarə İbrahimova, Şəhanə Alməmmədova müvafiq olaraq qızıl, gümüş, Gülnar Novruzova bürünc medal qazanıb. Qalib və mükafatçılar Regional idarə tərəfindən diplom və medallarla təltif olunub.