
“Səhvləri aradan qaldırıb, DÇ-də də uğurlu çıxış edəcəyik”
- 16:15
- 42
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında ikinci yeri tutan sərbəst güləş millimiz vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edən yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
Arif Abdullayev, böyük məşqçi:
Avropa çempionatında 5 medalla ikinci yeri tutduq. Daha yaxşı nəticə göstərə bilərdik. Bəzi səhvlər oldu. Onların üzərində işləyəcəyik. Avqustda Bolqarıstanda U20 dünya çempionatı keçiriləcək. İnşallah, səhvləri aradan qaldırıb, həmin yarışda da uğurlu nəticə qazanarıq. Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə göstərilən diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk”.
Vasif Bağırov, Avropa çempionu:
“Güclü yarış keçdi. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Şəxsi məşqçim Rauf Xəlilova və milli komandanın məşqçilərinə təşəkkürümü bildirirəm. İnşallah, dünya çempionatında da ölkəmizi layiqincə təmsil edib, vətənimizə qızıl medal gətirərəm”.
Muradxan Omarov, Avropa ikincisi:
“Avropa çempionatına ciddi hazırlaşmışdıq. Bu yarışda finala çıxdım. Finalı istədiyim kimi güləşə bilmədim. Gürcüstanlı rəqibimə məğlub oldum. Amma gümüş medal da mənim üçün böyük uğurdur. Dünya çempionatına hazırlaşıb, daha yaxşı nəticə göstərəcəyəm. Ailəmə, Asif müəllimə, şəxsi məşqçim Rövşən Hacıyevə, böyük məşqçimiz Arif Abdullayevə, millinin digər məşqçiləri Əşrəf Əliyevlə Nazim Əlicanova təşəkkürümü bildirirəm”.
Omar Gülməmmədov, Avropa üçüncüsü:
“Yarış çox yaxşı keçdi. Bürünc medal qazandım. Zədələrim olduğu üçün maksimum səviyyədə güləşə bilmədim. Yarımfinalda İtaliya güləşçisinə məğlub oldum. Şükürlər olsun, üçüncü yer uğrunda görüşdə qalib gəldim. Medalsız qayıtmadım. Qələbəmi şəxsi məşqçim Yaşar müəllimə həsr edirəm. Federasiyaya və millinin məşqçilərinə təşəkkür edirəm”.
Anar Cəfərli, Avropa üçüncüsü:
“Görüşlərim gərgin keçdi. Əslində İtaliyaya çempion olmağa getmişdim. Üçüncü yerlə kifayətləndim. İnşallah, dünya çempionatında daha yaxşı nəticə göstərəcəyəm. Şəxsi məşqçimə, valideynlərimə və yığma komandanın məşqçilərinə təşəkkürümü bildirirəm. Altı ay üzərimizdə əziyyət çəkdilər”.
Xatırladaq ki, qitə birinciliyində Vasif Bağırov (57 kq) qızıl, Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədovla (74 kq) Anar Cəfərli (92 kq) isə bürünc medal qazanıb.