Sahib Ələkbərov: "Bakı-Xankəndi Velosiped Yarışında 4 qitədən, 20 ölkədən 24 komanda mübarizə aparacaq"
- 17:27
- 29
Mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək.
"Rekord.az"-ın "Report"a istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib.
Qurum rəsmisi yarışın təşkilatçılığı ilə bağlı danışıb:
"Əvvəllər Azərbaycanda belə beynəlxalq yarışlar uğurla keçirilib. Sonradan müəyyən problemlər səbəbindən təəssüf ki dayandırılmışdı. Bu il yarışları bərpa etmək fürsəti tapdıq. İşğal altında olan torpaqları azad etdik. Qərara gəldik ki, yarışın coğrafiyasını genişləndirək və yarışı Bakıda başlayıb Xankəndidə bitirək. 5 mərhələdən ibarət yarış Azərbaycanın 21 şəhərindən keçir".
S.Ələkbərov komandaların sayı ilə bağlı da məlumat verib:
"Yarışlarda maksimum icazə verilən komanda sayı 25-dir. Biz daha çox komanda istəyirdik. Məlum hadisələrlə əlaqədar bir sıra komandalar yarışa gəlməkdən imtina etdi və onları başqaları ilə əvəzlədik. Artıq 24 komanda sabahdan etibarən yarışa start verəcək".
"Çox gözəl komandamız var idi. Yaradılandan 3 il sonra özünü bütün dünyaya tanıtdırdı. Təəssüf ki sonradan dağıldı. Komanda yaratmaq bir ilin içi deyil. Qərara gəldik ki, hələlik milli ilə çıxış edək. Bu komanda bir çox yarışlarda iştirak edib və müəyyən təcrübəyə malikdir. Hazırda bütün imkanlarımızı səfərbər etmişik. Həmçinin xarici ölkələrdən mütəxəssislər cəlb etmişik. Bölgələrdə bölmələrimiz var. Onlara da məşqçilər cəlb etmişik.
Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.