
Sabirabadda güləş üzrə rayon birinciliyi keçirilib
- 11:45
- 30
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı əsasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində "26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü" ilə əlaqədar Sabirabad Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışın rəsmi hissəsində əvvəlcə Dövlət Himni səslənib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vüqar Kərimov, şəhid polis Əzizbəy Muradovun atası Etibar Muradov və digər qonaqlar idmançıları salamlayaraq onlara uğurlar arzulayıb və yarışın mahiyyəti haqqında məlumat xarakterli çıxışlar ediblər. Ümumilikdə 9 şəhər və rayon daxil olmaqla, Bakı şəhərindən 2 klubun iştirakı ilə 180 idmançı döşək üzərində öz qüvvəsini sınayıblar.
Birinciliyin keçirilməsində əsas məqsəd “26 İyun - Silahlı Qüvvələr Günü"nün qeyd edilməsi, idmançıların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplom və medallarla mükafatlandırılıb.