"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın "Petrokub" komandası ilə keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, tərəflər arasında iyulun 24-də Kişineudakı "Zimbru" stadionunda baş tutacaq ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Görüşü Qal Leiboviçin başçılıq etdiyi İsraildən olan hakimlər briqadası idarə edəcək. Ona Omer Barbiro və Yossi Babayoff yardımçı olacaqlar. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.


İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq.


Oyunda ədaləti serbiyalı baş hakim Danilo Nikoliç qoruyacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi hakimlər, İvan Stamenkoviç isə dördüncü hakim kimi öz işlərini yerinə yetirəcəklər.