“Qarabağ” sabah UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında İrlandiyanın “Şelburn” klubunu qəbul edəcək.


Rekord.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan bir gün əvvəl mətbuat konfransı keçirilib. Qurbanov ciddi rəqibə qarşı onayacaqlarını bildirib:


“Bəzi üstünlüklərimiz var. Lakin ciddi rəqibə qarşı oynayacağıq. Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik. Mərhələni keçən komanda bəlli deyil. Hələ cavab qarşılaşması var.


Sabahkı oyuna hazırlığımızı davam etdiririk. Marko Yankoviç və Dani sabahkı oyunda böyük ehtimalla iştirak etməyəcəklər. Yankoviçi ola bilsin ki, “23-lüy”ə sala bilək. Amma yenə də risk etməyəcəyik.


Son günlərdə ən çox axtardığımız mövqe hücum xətti ilə bağlı olan oyunçular idi. Bəli, axtarışlarımız davam edir. O ki qaldı hücumçularımızın zəifliyinə, mən deyərdim ki, onlardan çox razıyam. Sadəcə, niyə hücum mövqeyinə oyunçu axtarırıq, çünki onları layiqincə əvəzləyən, rotasiyalar etməyə imkan verən heyət formalaşdırmaq istəyirəm. Təkcə hücumçu deyil, orta sahəyə də oyunçu axtarırıq.


Mateus ümumiyyətlə, universal futbolçudur. Mənim də belə oyunçulardan xoşum gəlir. O ki qaldı onun mərkəz müdafiəçisi mövqeyində oynaması, onun bu mövqedə çox böyük üstünlüyü var. Özünü çox yaxşı doğruldub. Həm də gördük ki, o, bu mövqedə daha rahat hiss edir. Dediyim kimi, hər oyunçunun potensialına uyğun faydalanmağa çalışırıq.


Hər bir insanın fikrinə hörmətlə yanaşmaq lazımdır. Biz kimlərisə sevindirmişiksə, bu özü də bir uğurdur. O ki qaldı Maenin komandamıza gəlməsi ilə bağlı, deyə bilərəm ki, onda yaxşı mərkəz müdafiəçisi üçün olan bütün xüsussiyyətlər var. Digər tərəfdən, o demək deyil ki, futbolçular bütün klublarda yaxşı oyun keçirməlidilər. Və yaxud da məşqçi o demək deyil ki, istənilən klubda yaxşı məşqçi olacaq. Maenin də qabiliyyəti, sistemi bizim sistemə uyğun gəldiyinə görə dəvət etmişik”.


Tərəflər arasında keçirilən ilk qarşılaşmada Ağdam təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəlib.