Riad Rəfiyev: "Rəhim Həsənovun şərhini maraqla gözləyəcəyik" - MÜSAHİBƏ
- 13:00
- 52
"Sumqayıt" mövsümdə ilk qələbəsini "Qəbələ" ilə oyunda qazandı - 4:1.
Darmadağınla bitən matçdan sonra "kimyaçılar"ın prezidenti Riad Rəfiyev Rekord.az-a müsahibə verib.
– Çox vacib qələbə qazandınız. Oyundan sonra fikirləriniz necədir?
– Bizim üçün çox vacib qələbə idi. Komanda psixoloji olaraq yaxşı vəziyyətdə deyildi. Bu gün qalib gəlmək çox vacib idi. Uşaqları təbrik edirəm, onlara təşəkkürümü bildirirəm ki, bu çətin oyundan üzüağ çıxdıq.
– Əvvəlki turda “Kəpəz”lə oyunun son dəqiqələrində qələbəni əldən vermişdiniz. Həmin qarşılaşmada da komanda yaxşı təsir bağışlamışdı...
– Bəli, “Kəpəz”lə oyunda da komandamız yaxşı oynamışdı. Düşünürəm ki, qələbəyə layiq idik. Stadionda möhtəşəm atmosfer var idi. “Kəpəz”in çox yaxşı azarkeş dəstəyi var, yeni stadionda azarkeşlər komandalarını əla dəstəkləyirdilər. Qələbəyə çox yaxın idik, təəssüf ki, üstünlüyü qoruya bilmədik. Ona görə də başa düşürdük ki, bu gün qalib gəlmək bizim üçün çox vacibdir.
– Bu gün qələbə qazanmasaydınız, baş məşqçi ilə yolların ayrılması məsələsi gündəmə gələ bilərdimi?
– Xeyr, belə söhbət heç vaxt olmayıb. Baş məşqçinin işindən, komandadan, futbolçuların keyfiyyətindən və nümayiş etdirdiyimiz oyundan çox məmnunuq. Sadəcə, futboldur, bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Nəticələr alınmadıqca psixoloji təzyiq də artır. Amma baş məşqçi ilə yolların ayrılması barədə heç vaxt söhbət olmayıb.
– Mövsümün əvvəlindəki uğursuz nəticələrdə təqvimin rolu nə dərəcədə oldu?
– Təqvimdən daha çox zədəli futbolçuların yoxluğu təsir göstərdi. Deyərdim ki, ikinci əsas məsələ təqvim idi. Əlbəttə, oyun qrafikimiz ağır idi, amma ilk növbədə zədələr problem yaratdı. Artıq bilmirik ki, bu zədələr niyə bu qədər çoxdur, səbəbi nədir. Bu gün də hücumçumuz ağır zədələndi. Onun uzun müddət meydanlardan kənarda qalması ehtimalı çox böyükdür. Oyunun sonlarında Rüstəm də zədələndi. Onun vəziyyətinin necə olacağını bilmirəm. Zədəli futbolçularla bağlı vəziyyətimiz çox pisdir.
– Nihat Əhmədzadə ilə bağlı mətbuatda müxtəlif xəbərlər yayılmışdı. Onun müqaviləni yeniləmək istəmədiyi üçün əvəzedici komandaya göndərildiyi bildirilirdi. Əsl səbəb nə idi?
– Bu, tamamilə yanlış məlumatdır. Belə bir şey yoxdur. Nihatın 2028-ci ilə qədər müqaviləsi var. Əvəzedici komandaya göndərilməsinin səbəbi tamamilə başqadır. Nihat da, yaxınları da bunun səbəbini çox yaxşı bilirlər. Bizim məqsədimiz onu qorumaqdır. İnşallah, hələ gec deyil, Nihat səhvlərini başa düşər və meydandan kənardakı həyat tərzində müəyyən dəyişikliklər edər. Mən bütün gənc futbolçularımızın həmişə arxasında olmuşam və bundan sonra da olacağam. Sadəcə, yenə deyirəm, son vaxtlar Nihat Əhmədzadə ilə bağlı çox pis məlumatlar alırdıq. Təəssüf ki, həmin məlumatlar doğru idi.
- Qısası, nizam-intizama bağlaya bilərik?
- Bəli.
– Mövsümün əvvəlində transferlər və baş məşqçinin təyinatı geciksə də, sanki sizdə müəyyən rahatlıq hiss olunurdu. Bu, klubun Premyer Liqadakı təcrübəsindən irəli gəlirdi, yoxsa başqa səbəblər də var?
– Komandaya gələn futbolçuların keyfiyyəti də yaxşı idi. Müəyyən mənada təcrübə də öz sözünü deyir. Amma yenə deyirəm, əsas problemimiz təqvim yox, zədəli futbolçular idi. İlk iki oyuna əsas heyətin 7-8 futbolçusu olmadan çıxdıq. Səbuhi Abdullazadə də ilk oyunda xoşagəlməz hadisə ilə üzləşdi və uzun müddət meydanlardan kənarda qalacaq. Əsas problemimiz bu idi. Bu gün vacib olan 3 xalı qazanmaq idi. İnşallah, bundan sonra komandaya inam və özünəgüvən daha da artar, daha yaxşı nəticələr qazanarıq.
– Legioner limitinin ləğvindən sonra ortabab statusunda olan klublarımızın avrokuboklar uğurunda mübarizə aparmasının çətinləşdiyi görünür. “Sumqayıt” üçün vəziyyət necədir? Əvvəlki illərdə sürpriz etdiyinizi görmüşük. Kollektivin qarşısına bu mövsüm hansı məqsədlər qoyulub? Avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq planınız varmı?
– Mən əvvəllər də şəxsi fikrimi bildirmişdim. Düşünürəm ki, legioner limitinin dəyişdirilməsi Azərbaycan çempionatında klublar arasında böyük uçurum yaranacaq. Amma nə deyim vallah... Bu, bir qədər ağır məsələdir. Hazırda bu barədə danışmaq istəməzdim.
- Təcrübəli funksioner olduğunuz üçün ağır məsələ barədə sualı sizə ünvanladıq...
- Yox, gəlin hazırda bu barədə danışmayaq. Başqa daha böyük hadisələr var, onlardan danışaq (gülür).
– Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə komandaya nə dərəcədə faydalı oldu? Yeni transferlərin uyğunlaşması və zədəli futbolçuların bərpası baxımından vəziyyət necədir?
– Fasilə faydalı oldu. Yeni futbolçularımız var idi. Bildiyiniz kimi, qapıçımız komandaya gec qoşuldu, Bandera da gec gəldi. Bundan başqa, xeyli sayda zədəli futbolçumuz var idi. Bu baxımdan milli fasilə komandaya fayda verdi.
– “Sumqayıt”ın Mehdi Hüseynzadə adına stadiona qayıdışı niyə yubandı?
– Meydançanın örtüyü tam möhkəmlənmədiyi üçün istədiyimiz nəticəni hələ əldə edə bilməmişik. Buna görə də növbəti iki oyunu SOCAR Polymer Arenada keçirmək qərarına gəldik. İnşallah, planımız “Şəfa” ilə oyunu artıq Mehdi Hüseynzadə adına stadionda keçirməkdir.
– Meydançanın bərpası və baxımı ilə bağlı klubun üzərinə hansı öhdəliklər düşür?
– Meydançanın baxımı klubumuzun üzərindədir.
– Qarşıda “Araz-Naxçıvan”la çox vacib oyun var. Bu qarşılaşma barədə nə düşünürsünüz?
– Həddindən artıq vacib oyun olacaq. Səhv etmirəmsə, hazırda aramızda üç xallıq fərq var. Bu qarşılaşma həm fərqi aradan qaldırmaq, həm də rəqibdən uzaqlaşmaq baxımından önəmlidir. “Araz-Naxçıvan”ın da yeni məşqçisi var və onlar da mütləq qələbə qazanmağa çalışacaqlar. Ona görə bizi çox ağır və vacib oyun gözləyir.
- "Neftçi" - "Sabah" oyununda Simiçin epizoduna sizə nəyisə xatırlatdı?
- Bəli...
- Niyə eyni epizoda fərqli qərarlar verilir?
- Biz də sizin kimi turdan sonra Rəhim Həsənovun şərhini maraqla gözləyəcəyik.