"Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"
- 21:30
- 35
Azərbaycan millisi qrupda birinci yeri tutmaq istəyirsə, Lixtenşteynə qalib gəlməlidir.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.
Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri qarşılaşmanı dəyərləndirib:
"Bizim üçün vacib oyundur. Qrupda birinci yeri tutmaq istəyiriksə Lixtenşteynə qalib gəlməliyik. Rəqib komanda istəklidir, itirəcəkləri heçnə yoxdur. Matç ərzində əks hücumlara üstünlük verəcəklər. Biz də öz növbəmizdə çalışacağıq ki, rəqib komandanın müdafiə xəttini məharətlə yaraq. Azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirərək qələbə qazanmaq istəyirik".
O, yığmanın heyətində itkilərin olduğunu söyləyib:
"Litva matçından sonra futbolçularda xırda zədələr çox oldu. İnşallah, bugünkü məşqdə hər biri tam bərpa olacaqlar. Lakin Renat Dadaşovun zədəsi ciddidir. Sabahkı matçda biz onu meydanda görə bilməyəcəyik. Renatın Litva ilə evdəki matça çıxması da sual altındadır".
A.Abbasov Lixtenşteynlə matçda rəqibə uyğun hazırlaşdıqlarını bildirib:
"Litva və Lixtenşteyn komandaları bir-birilərindən fərqlidirlər. Biz onsuz də rəqiblərimizə qarşı onların oyun üslubuna üslubuna uyğun hazırlaşırıq. Baxmayaraq ki, vaxtımız az idi. İnanıram ki, meydanda istədiklərimizi həyata keçirə biləcəyik. Bu görüşdə rəqib komandanın müdafiə xəttini yarmaq vacib məsələdir. Ona görə futbolçularımızın ustalıq səviyyəsi üst səviyyədə olmalıdır".
Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.