“Qəbələ”dən “oğurlamaq” həvəsi
- 12 Yan 2021 10:45
- 1802
“Qəbələ”nin nigeriyalı Ceyms Adeniyi bir müddətdi ki, idman mətbuatının gündəmindədi. Özü də 29 yaşlı hücumçu barəsində təkcə bizim idman mətbuatı yazmır. İsraildəki həmkarlarımızın da yazdığı xəbərlərdə Ceymsin adına rast gəlinir. Onun qış fasiləsində İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçəcəyi iddia olunurdu. Amma son məlumatlara görə, bu keçid baş tutmayıb.
Bu yerdə xatırladım ki, Adeniyi “Qəbələ”yə Albaniyadan gəlib. “Neftçi” azarkeşlərinin yaddaşında elə də xoş xatirələrlə qalmayan “Şkenderbeü”nün heyətində çıxış edən Adeniyi Albaniya çempionatında diqqətləri üzərinə çəkməyib bacarıb. Daha sonra da “Qəbələ”dən dəvət alıb. Bir mövsüm “Qəbələ”də çıxış etdikdən sonra İsrailə yollanan Ceyms orda uzun müddət duruş gətirmədi, yenidən ölkəmizə qayıtdı. Hazırda davam edən mövsümdə “Qəbələ”nin heyətində 9 oyuna çıxıb və cəmi bir dəfə fərqlənib. Elə də yüksək məhsuldarlıq sayıla bilməz. Amma insafən qeyd etməliyik ki, Adeniyi xeyli çalışqan, mübarizə aparmağı sevən futbolçudu. Bu mövsüm qollarının sayı az olsa da, “Qəbələ”yə fayda verdiyini əminliklə söyləyə bilərik.
Məhz bu səbəbdən də ona göz qoyanlar var və həmin müştərilər müqaviləsi yayda başa çatacaq nigeriyalını indidən heyətinə qatmağa çalışırlar. Hazırda Ceymsin Azərbaycanda üç müştərisi var. İddialara görə, Samir Abasov onu “Neftçi”nin heyətində görmək istəyir. Rəşad Sadıqov da “Zirə”nin hücum xəttini “Qəbələ”nin nigeriyalı forvardının sayəsində gücləndirməyi arzulayır. “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov da düşünür ki, Ceyms onun çalışdırdığı komandanın qol ümidi olmağa layiq hücumçudu. Hazırda hər üç klubumuz Ceymsi heyətinə qatmaq üçün qollarını çirmələyib, menecerlər arasında danışıqlar gedir.
Elə bu yerdə ortaya İsrail variantı çıxdı. Hücumçu özü də Azərbaycan mətbuatına bildirirdi ki, ona elçi düşənlər arasında Azərbaycan klubları ilə yanaşı İsrailin "Hapoel"i də var. Kiryat-Şmona şəhərinin təmsilçisi ilə danışıqların nə qədər ciddi olduğunu bilmirəm. Məsələ ondadı ki, biz əvvəllər də bu cür “filmləri” görmüşük. Əcnəbi futbolçular Azərbaycanda bir az özlərini göstərən kimi barələrində müxtəlif əfsanələr dolaşmağa başlayır. Sonda onlar ölkəmizdə qalmağa davam edirlər, amma qiymətləri xeyli yüksəlir. İmanımı yandırıb, Ceyms Adeniyi barəsində eyni iddianı səsləndirə bilmərəm. Çünki bu barədə dəqiq məlumatım yoxdu. Dəqiq bildiyim odu ki, nigeriyalı hücumçu az yaya qədər Azərbaycanda qalacaq. “Qəbələ”də olmasa belə, ya “Neftçi”, ya da “Zirə”ylə “Keşlə” istəyinə çatacaq. Özü də etiraf edib ki, İsrailə yollanmaq variantı alınmayıb.
“Qəbələ” əvvəlki kimi zəngin deyil, futbolçulara yüksək maaş verə bilmir. Bunu bilən Azərbaycan klubları da “qırmızı-qaralar”ın düşərgəsinə həmişə müştəri gözüylə baxırlar. İstər yerli olsun, istərsə də əcnəbi. “Qəbələ”nin heyətində parlayan hansısa futbolçu birbalaca gözə batan kimi ona daha yüksək məvacib təklif olunur, transfer çalışmaları başlayır. Hazırda elitada çıxış edən komandaların az qala hamısının heyətində “Qəbələ”nin yetirməsi var. Bu yaxınlarda “Neftçi” birdən-birə “Qəbələ”nin üç futbolçusuna qucaq açmışdı. Baqali Dabo, Voyislav Stankoviç və Stiven Jozef-Monroz əyalət klubunu paytaxt təmsilçisinə dəyişmişdilər. Təbii ki, daha yüksək qazanc müqabilində. Görünən odu ki, bu həvəs hələ də davam edir. Zəhmət çəkib, futbolçu yetişdirmək, yaxud da yaxşı əcnəbi transfer etmək bizimkilər üçün çətin tapşırıqdı. Daha asanı “Qəbələ”dən futbolçu oğurlamaqdı....