“Qarabağ”ın səviyyəsinə çatmaq asan deyil” - Vernidub
- 22:00
- 30
"Hazırda "Qarabağ"la fərqli səviyyələrdəyik və bu səviyyəyə çatmaq asan məsələ deyil. Bunun üçün hər gün dayanmadan çalışmaq lazımdır. Futbolçularımız bu reallığı dərk edib ona uyğun davranmalıdırlar. Anlamaq lazımdır ki, belə güclü rəqibə qarşı oynamaq üçün sadəcə motivasiya kifayət etmir".
Rekord.az xəbər verir ki, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Vitali Vernidub Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis rəqibin Pedro Bikalyo, Marko Yankoviç, Xoni Montiel kimi topla yaxşı davranan futbolçular ilə mübarizədə "Neftçi"də isə sadəcə Metyu İfenayinin orta xəttdə tək mübarizə aparması, həmçinin yaranan boşluqlar barədə ünvanlanan sualı belə cavablayıb:
"Əlbəttə, "Qarabağ"la oyuna ciddi hazırlaşmış və onları dərindən təhlil etmişdik. Adlarını çəkdiyiniz oyunçular Çempionlar Liqası təcrübəsinə malikdirlər və yüksək səviyyələrini daim nümayiş etdirirlər. Belə olan halda, həm futbolçularımız, həm də biz məşqçilər özümüzə sual verməliyik ki, doğrudanmı bundan daha yaxşı oynaya və taktiki gedişlərimizi təkmilləşdirə bilməzdik? Bir daha vurğulayıram ki, hər kəs vəziyyəti düzgün qiymətləndirməlidir. Bütün oyunçular şəxsi ambisiyalarını, xarakterini və incikliklərini kənara qoymalıdırlar. Çünki hər şeydən üstün olan "Neftçi"nin mənafeyidir".
Vitali Vernidub rəqibin hücumçusu Musa Qurbanlının start heyətində yer alması və müdafiə xəttinin onun qarşısını ala bilməməsi ilə bağlı suala aydınlıq gətirərək azarkeşlərdən üzr istəyib:
"Buna cavab vermək bir qədər çətindir, çünki matça tam hazır idik. Lakin rəqib hücumçu öz mövqeyində üstün oyun nümayiş etdirərək müdafiə xəttimizi yara bildi. Bugünkü qarşılaşmanı dərindən təhlil edib düzgün nəticə çıxarmalıyıq. Tablodakı 1:5 hesabı reallıqdır və biz məsuliyyətimizi dərk edirik. Bu ağır məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm".