Ölkəmizdə U-15 dünya çempionatı keçirilir. 


Maraqlı layihədir və ilk dəfə Azərbaycan təşkil edilməsi də əlamətdar hadisədir. Yarışda Azərbaycan komandası da iştirak edir (əslində, adı U-15 olsa da, bu faktiki U-16-dır. Əsl U-15 Maltada İnkişaf Turnirində idi).


Komandanın baş məşqçisi Famil Xəlilovdur. Nəhayət, doğru addım atılaraq ona şans verilib. Təcrübəli, bu yaş qruplarında işi ilə özünü sübut etmiş, yaxşı mütəxəssisdir. Köməkçiləri də Qara Qarayev, Emin İmaməliyev və Elşən Poladovdur (qapıçılar). İdeal texniki heyətdir.


Burası öz yerində. 


Nəticələr isə yüngül desək, ürəkaçan deyil. Buna da bir söz deməyəcəm, çünki guya digər millilərimiz qabağına çıxana 8-9 top vurub ki, bunlardan da nəsə tələb edək? Təbii ki, gözləniləndir. Buna görə də Xəlilov və komandasını qınamaq da düz olmaz. 


Qınanılası məqam başqadır. 


Buna AFFA diqqət etməli idi.


Qeyri-standart, yəni daha kiçik meydançada, daha az oyunçularla oynanılan bir oyunla bağlı heç kim alternativ bir gediş haqda heç kim düşünməyib. 


Bir daha yazıram: daha kiçik meydança, daha az oyunçu. Bir şey xatırlatmır sizə? 


Minifutbol!


Minifutbolu xatırladır. Hə, ölçülər bir qədər fərqlidir, amma oxşarlıqlar da yetərincədir, çoxdur.


İndi əsas sualı verirəm: dünyanın ən güclü minifutbol yığması haradır?


?


Azərbaycan!


Bir nəfərin ağlına gəlməyib ki, dünyaya meydan oxuduğumuz, favorit, trend yaradan tərəfi olduğumuz bu növdəki təcrübəmizdən yararlanaq? Hazırda minifutbolda yarış da yoxdur, boşluqdur. Yığmanın baş məşqçisi Elşad Quliyevi cəlb edib onun təcrübəsindən istifadə etmək, hətta müvəqqəti, sırf bu turnir üçün onu təyin etmək olardı. Onsuz da Famil Xəlilov bu DÇ-dən heç nə öyrənə bilmədi, bilməzdi də. Elə digər ölkələrin məşqçiləri də həmçinin. 


Heç olmasa, bundan istifadə edib nəticə qazana bilərdik.


Hə, deyilə bilər ki, bu festivaldır, burada nəticə önəm daşımır, əsas iştirakdır. Deyilə bilər, amma səhv edilər. 15-16 yaşında camaat böyük klubların start heyətində oynamağa başlayıb artıq. Gələn ay Bakıya "Barselona" gələcək. Heyətinə baxın: elə bil uşaq baxçasıdır. Futbol isə həmişə nəticə oyunu olub, olacaq da.


U-15 DÇ-nin bizdə olacağı 3 aydır bilinirdi. Bu müddətdə yaxşı, müvafiq hazırlıq keçə, turnirdə azı 1/4 final oynamaq şansımızdan istifadə edə bilərdik. Etmədik.


Çünki heç kimin ağlına gəlməyib. 


Gəlsəydi də bir şey dəyişməyəcəkdi. Çünki futbolu yox, başqa şeyləri düşünürük.