AFFA-nın təşkilatçılığı və FIFA-nın “Məktəblərdə Futbol” (Football for Schools) Proqramının dəstəyi ilə fiziki tərbiyə müəllimləri üçün seminar təşkil olunub.


Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən tədbirin əsas məqsədi məktəblərdə futbolun inkişafına dəstək göstərmək, fiziki tərbiyə müəllimlərinin bilik və bacarıqlarını artırmaq, həmçinin futbolun tədris prosesində daha geniş tətbiqinə töhfə verməkdir.


Seminarın açılış mərasimində AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə, AFFA baş katibinin müavini Elçin Məmmədov, AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəisi Kifayət Mustafayeva və FIFA-nın “Məktəblərdə Futbol” Proqramının rəhbəri Frank Kastilyo çıxış ediblər. Çıxışlarda proqramın əhəmiyyəti, məktəblərdə futbolun təşviqi və uşaqların idmana cəlb olunmasında müəllimlərin rolu vurğulanıb. İştirakçılara uğurlar arzulayan rəsmilər bu cür təşəbbüslərin futbolun kütləviliyinin artırılmasında mühüm rol oynadığını qeyd ediblər.


Seminarın nəzəri hissəsində FIFA-nın “Məktəblərdə Futbol” Proqramının nümayəndələri Antonio Sançez və Melvin Mendi, eləcə də AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov iştirakçılara proqramın məqsədləri, tətbiq prinsipləri və tədris prosesində istifadəsi barədə ətraflı məlumat veriblər.


Nəzəri hissə çərçivəsində “Football for Schools” mobil tətbiqi də ətraflı təqdim olunub. İştirakçılar tətbiqin funksiyaları, tədris prosesində istifadəsi və fiziki tərbiyə müəllimlərinin gündəlik fəaliyyətində yaratdığı imkanlarla tanış olublar. Azərbaycan dilinə tərcümə olunmuş tətbiqin futbol məşğələlərinin planlaşdırılması və təşkili baxımından əhəmiyyəti xüsusi vurğulanıb.


Daha sonra müəllimlərlə interaktiv müzakirələr aparılıb. Məktəblərdə futbolun daha əlçatan və cəlbedici şəkildə tədrisi, uşaqların fiziki aktivliyə təşviqi və məşğələlərin təşkili ilə bağlı fikir mübadiləsi edilib.


Günün ikinci yarısında seminar meydançada keçirilən praktiki sessiya ilə davam edib. İştirakçılar nəzəri hissədə əldə etdikləri bilikləri praktikada tətbiq etmək, müxtəlif məşq tapşırıqları və futbol fəaliyyətlərinin təşkili ilə bağlı yanaşmalarla tanış olmaq imkanı əldə ediblər.


Gün ərzində keçirilən fəaliyyətlər regionlarda çalışan fiziki tərbiyə müəllimlərinə də canlı yayım vasitəsilə çatdırılıb.


Qeyd edək ki, seminar FIFA, AFFA və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “FIFA Football for Schools” təşəbbüsünün tərkib hissəsidir. Proqram məktəblərdə futbolun tədrisini dəstəkləməklə yanaşı, uşaqların fiziki inkişafına, komanda ruhunun formalaşmasına və sosial bacarıqlarının gücləndirilməsinə xidmət edir.


Tədbirlər proqramı oktyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Boots for All” festivalı ilə davam edəcək.