Məlum olduğu kimi, "İmişli" Premyer Liqaya vəsiqə qazanandan sonra İmişlidən didərgin düşüb. İmişli stadionu Premyer Liqa tələblərinə cavab vermir və təmir olunmalıdır. "İmişli" rəhbərliyi isə dəfələrlə bildirib ki, onlar bunu etməyə hazır olsalar da, stadionu onlara vermirlər. Neçə ildir ki, bu məsələ düyünə düşüb qalıb. Hətta son günlər məlum oldu ki, sən demə stadionun 3 təsisçisi var və onları eyni anda yola gətirmək olmur. Buna görə də rayonun əsas stadionundan əlini üzən "İmişli" torpaq sahəsi alıb yeni stadion tikməyi düşünür. Hələliksə ev oyunlarını Yevlaxda keçirir. Qalmaqalda adı hallanan şəxslərdən biri də "MKT Araz"ın sabiq icraçı direktoru Mirheydər Seyfiyevdi. Deyilənə görə, stadion hazırda onun nəzarətindədir və "İmişli"nin bu stadionu götürməsini əngəlləyən şəxslərdən biri də məhz Seyfiyevdi.

Biz isə Rekord.az olaraq, Mirheydər müəllimin özündən bu məsələyə aydınlıq gətirməsini istədik.

Hazırda II Liqada çıxış edən "Kür Araz"a rəhbərlik edən Seyfiyev məsələyə bu cür münasibət bildirdi: "O sözü deyənlər mənim hətta sözlə belə, bu məsələyə maneə yaratdığımı faktlarla ortaya qoysunlar, razılaşım. Mənimlə bağlı indiyə kimi şəxsən özümə heç bir narazılıq olmayıb. Əksinə, nə qədər ki, orda oynayıblıar, əlimdən gələn köməyi etmişəm. Stadion MKT şirkətinə məxsusdur, onun alqısı, satqısı, istifadəsi ilə bağlı bütün səlahiyyətlər də bu şirkətdədir. "İmişli" I Liqada ev oyunlarını bu stadionda keçirdi. İcarə haqqını verirdilər və istifadə edirdilər. İndi niyə istifadə edə bilmirlər? Çünki Premyer Liqa tələblərinə cavab vermir. Gərək stadion təmir oluna, ot örtüyü yenilənə və s. Yəqin bu da ağır xərc olduğu üçün "İmişli" klubu edə bilmir. O ki qaldı digər məsələlərə, kiminsə icarəyə verməməsi, 3 təsisçinin olması, yenə deyirəm, stadion MKT şirkətinin balansındadır. İstəyər satar, istəyər kiməsə verər. Bu, onların səlahiyyətindədir. "İmişli" klubu da bütün danışıqları MKT şirkəti ilə aparıb. Niyə razılaşmayıblar, hansı məsələdə razılaşmayıblar bu, onların arasında olan məsələdir.  Mənim bu məsələyə heç bir aidiyatım yoxdur, nə mənimlə danışan olub, nə də mənə nə isə deyən".