“Yeni qala”nın fəthi üçün


Birinci matç.


Çempionlar Liqasında yeni bir mərhələnin vaxtıdır. Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" bu böyük turnirin pley-off mərhələsində vacib qarşılaşmalardan ilkinə çıxır. Rəqib Britaniya futbolunun simvollarından biri, böyük, əfsanəvi, 145 yaşlı "Nyukasl Yunayted" klubudur. Ləqəbi "sağsağanlar" olan bu klubun tarixi, şərəfini qorumuş şəxslər haqda yazmağa lüzum görmürəm. Hamımızı maraqlandıran məqam rəqibin hazırkı durumu, güclü və zəif tərəfləri, şanslarımızdır. Vaxt itirmədən keçək məğzə.


Eddi və yetirmələri


Adının hərfi tərcüməsi "Yeni qala" olan “Nyukasl”ın heyətində 100 milyon avroluq futbolçular da var, 20, 30, 50 milyonluqlar da. Onların hər biri istənilən matçın taleyini həll etmək iqtidarındadırlar. Komandanın ümumi dəyəri isə 750 milyon avro civarındadır. Əlavə şərhə ehtiyac yoxdur. Ancaq düşünürəm ki, "Nyukasl"ın əsas silahı oyunçuları yox, baş məşqçisidir. Eddi Hau çox bacarıqlı, təcrübəli, enerjili məşqçidir. Mütəxəssislər onu Tomas Tuxeldən sonra İngiltərə millisinin növbəti baş məşqçisi kimi görürlər. Təsadüfi də deyil. Çünki Hau elə sadəcə “Bornmut”la elədiklərinə görə alqışı haqq edir. “Nyukasl”a ərəb pulları gələndə nəhəng sponsorların adlı-sanlı mütəxəssisləri yox, onu seçməsi əməyinə verilən yüksək qiymət idi. Eddi nəinki layihəyə mane oldu, əksinə, etimadı doğrultdu, 60 illik fasilədən sonra “ağ-qaralar”a kubok da qazandırdı. Son zamanlar işləri qaydasında getməsə də, rəhbərlər ona olan etimadlarını davam etdirirlər. Hau müasir, hücum futbolu oynatmağa çalışan, yetirmələrindən yüksək pressinq, topa sahibolma və hücuma sürətli çıxışı istəyən məşqçidir. Prinsip etibarı ilə Qurban Qurbanov da eyni fəlsəfə tərəfdarıdır. Yeganə fərq əlinin altındakı oyunçuların keyfiyyətidir. 


Pressinq və intensivlik


Taktikaya gəldikdə, “Nyukasl” adətən meydana 4-3-3 düzülüşü ilə çıxır. Burada orta xətdəki oyunçular hücumla müdafiə arasında balans yaradırlar. Öndəki vingerlər isə geniş oynamalarına baxmayaraq, əksər hallarda ortaya gəlir, durumdan asılı olaraq sxemin 4-2-3-1-ə (4-5-1) çevrilməsini təmin edirlər. Bu sxemlə “sağsağanlar” topa daha çox sahib olur, daha rəngarəng hücumlar təşkil edə bilirlər. “Qarabağ”la qarşılaşmalarda da, xüsusilə Bakıda məhz bu cür oynayacaqlar. “Nyukasl” hücuma müdafiədən, müdafiəyə hücumdan başlayan komandadır. Rəqibin aktivliyini meydançanın elə ona aid hissəsində dayandırmaq üçün ultra pressinqə əl atır, bunun üçün arxa və orta xətt oyunçularını irəli çəkir, prosesdə bütün komanda ilə iştirak edirlər. Xüsusilə cinah müdafiəçilərinin hücumda fəallığı diqqətə alınmalıdır.


Komandanın uğurlu oyunu həm də birbaşa fiziki hazırlığı ilə əlaqəlidir. "Nyukasl" bu baxımdan hazır olanda, zədə və cəzalı problemi yaşamayanda çox təhlükəli olur, istənilən vaxt qarşılaşmanın tempini artırıb-azalda bilir, oyunda idarə olunan yox, idarə edən tərəfə çevrilir. Haunun istədiyi budur. O, prosesə nəzarət etmək, bunun üçün risk-balans ikilisi arasında var-gəl etməyə hazırdır. Ancaq məsələn, Gimarayeş kimi mühərrikin olmaması, Joelinton kimi həlledici futbolçunun zədəsini təzəcə sağaltması Eddinin planlarını pozur. Bu isə, bizim üçün yaxşı xəbərdir. Deməli, şansımız var.


Qısa paslarla start, uzun paslarla son


Daim intensiv oynamaq, hücuma çox aludə olmaqla qollar vurmaq olar, ancaq bunun müdafiə tərəfini də düşünmək lazımdır. Görünən odur ki, ingilisləri bu maraqlandırmır. Bu "vecsizlik"dən istifadə etmək olarmı? Çıxış yolu məhz budur. "Qarabağ" belə komandalarla çox oynayıb, uğur da qazanıb. Kağız üzərində belədir ki, təmsilçimiz ingilislərin yüksək pressinqinin altından çıxaraq topu orta xəttə yönəltməyi bacarmalıdır. Bundan sonra iş Yankoviç və Bikalyonun, həmçinin arxada gələn Montielin rəqib müdafiəsinin cinahlarının arxasına uzun ötürmələr etməsinə qalacaq. Hər şey bu qədər sadədir əslində. "Qarabağ" bunu "Benfika" səfərində hesabda geri ola-ola edə bilib, yenə də edə bilər. Digər bir vacib iş oyunun "vur-vurum" mərhələsinə keçməsinə mane olmaqdır. Oyunun ipini əldə buraxmaq olmaz. “Nyukasl” ev komandasıdır, səfərdə çox zəif statistikaya malikdir. Rəqibin sıx, çox dağınıq olmayan, intizamlı oyunu əksər hallarda Haunun yetirmələrinə mane olur, buna alternativ tapmaqda çətinlik çəkirlər. “Qarabağ”ın orta xətdəki say çoxluğu və ana xətt kimi məhz buranı görməsi, rəqibi üzəcək məqamdır. 


İnanaq və dəstək olaq!


Beləliklə, "Nyukasl" şübhəsiz böyük komandadır, favoritdir, ancaq ideal və məğlubedilməz deyil. Klassik cümlə ilə ifadə etsək, bunlarla oynamaq olar. Tələsmədən, hesabın necə olmasından asılı olmayaraq müdafiədən pasla çıxmaq və uzun ötürmələrlə irəlidə Zubir və Andradeni tapmaqla istəyimizə nail ola bilərik. Bu matçda əsas silahımız sürət olacaq. Həm qərarlarımızda, həm də realda sürətli olsaq, “sağsağanlar” evə məğlub yola salınacaq. Bizim üzərimizə düşən iş stadiona gəlmək, komandamıza sona qədər dəstək olmaqdır. Britaniyadan Bakıya 2 mindən çox azarkeş gəlib. Gur səsləri, şərqiləri, nəğmələriylə rəqibimizə kömək edəcək, onları yalnız qoymayacaqlar. Biz də səssiz qalmayaq.


Uğurlar, "Qarabağ"!