Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İstanbul şəhərində “Sivasspor”la qarşılaşacaq “Qarabağ” bu gün Türkiyəyə yola düşüb.

Rekord.az xəbər verir ki, “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakı vaxtı ilə 20:00-da media nümayəndələrinin suallarını cavablandıracaq. Tədbir İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda baş tutacaq. Komanda isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxacaq. 

Qeyd edək ki, “Qarabağ” sabah keçiriləcək “Sivasspor”la oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, Azərbaycan təmsilçisinin heyətində Filip Ozobiç cəza üzündən qarşıdakı oyunu buraxacaq. Azərbaycan yığmasının heyətində koronavirus testləri müsbət olan kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov da İstanbula aparılmayıb. Zədəli olan digər 3 futbolçunun durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. Bunlar Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovdur. Onlar bu gün Türkiyəyə yollanan heyətdə yer alıb. Lakin yalnız Bədavi Hüseynovun vəziyyəti komanda yoldaşlarına nisbətən yaxşıdır.

Məlum səbəblərdən İstanbulda, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Sivasspor” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Komandalar arasında Sivasda baş tutan ilk matçda "Sivasspor" 2:0 hesablı qələbə qazanıb. Ağdam klubu oyundan bir gün sonra, noyabrın 27-də Bakıya dönəcək.