Çempionlar Liqasında qazanılan tarixi uğura görə "Qarabağ"ın klub rəhbərliyi ayrıca təşəkkürü haqq edir.


Mövsümboyu ağır tənqid etdik onları. Ancaq necə tənqid etmişdiksə, elə də tərif etməyi bacarmalıyıq. Çünki böyük bir işin öhdəsindən gəliblər.



"Qarabağ" Azərbaycanın futbol tarixinə adını qızıl hərflərlə yazdırmış klubdur. Bu nailiyyətin arxasında baş məşqçi və oyunçuların nə qədər əməyi varsa, rəhbərliyin də əməyi bir o qədərdir. Həmin baş məşqçiyə uzun illərdir göstərilən etimad elə ayrı bir bacarıqdır.


Bir işi 20-25 il eyni təmkinlə, eyni sabitliklə davam etdirmək, qazanılan uğurlardan sonra dəyişməmək, bu uğurların gətirdiyi dividendlərə görə əsas işi ikinci plana atmamaq, həmişə hazır olmaq xüsusi bir bacarıq, xüsusi bir idarəetmə qabiliyyətidir.


"Qarabağ" ardıcıl 12 ildir avrokubokların qrup mərhələsindədir. Bir işi 12 il eyni həvəslə görə bilmək ciddi bir nailiyyətdir. Azərbaycanda hansı sahədə, hansı çalışmada bu cür ardıcıllıq, sabitlik, davamiyyət və uğur hekayəsi var? Cavabını deyim: heç birində. "Qarabağ" nəinki ölkə futbolu və idmanı, ümumilikdə ölkə səviyyəsində öz damğasını vurmuş, xüsusi bir hadisə, fenomendir. Və bu fenomeni sadəcə məşqçi və futbolçular yarada bilməzdilər. Bu fenomenin arxasında həm də klub idarəetməsi, klub rəhbərliyi dayanır. Bu səbəbdən onların əməyi gözardı edilə bilməz. Haqsızlıq olar.


Odur ki, bu nəhənglikdə futbol bayram(lar)ını bizə yaşatdıqlarına, "Qarabağ" kimi canlı əfsanəni bu səviyyəyə gətirib-çatdırdıqlarına görə klubun rəhbərliyinə təşəkkür etməliyik. 


Başda Tahir Gözəl olmaqla Fevzihan Aras, Emrah Çelikel, Asif Əsgərov və digərləri, hər birinin bu qələbələrdə öz payı, öz qatqısı var. "Qarabağ" çoxdan özəl klubluqdan çıxaraq xalq komandası statusuna yiyələnib və bu komandanı idarə edən şəxslər həm də xalqa xidmət edir, onu təmsil edir, onun uğuru üçün çalışır, əmək sərf edirlər. İşlərinin öhdəsindən layiqli gəldiklərini də artıq hər kəs görür, dəyərləndirir.


Bu yolu davam etdirmələri, daha da böyük uğurlara imza atmaları diləyilə...


Kənan Məstəliyev, "Rekord.az"