Peşəkar Çövkən Liqasında (PÇL) 3-cü turun oyunları başa çatıb.


Rekord.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ilk iki oyunda qələbə qazanan "Embawood" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.


Gərgin keçən görüş "sərhədçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Günün digər matçında "Buta Qolden" komandası "Şamaxı"nı darmadağın edib - 5:0. Bazar günü keçirilən digər oyunlarda isə "Zəfər" "Xəzər"i (7:0), "Polad" isə "Omar"ı (3:0) məğlub edib.


Bundan əlavə, "Elit"lə oyuna çıxmadığı üçün "Atilla" klubuna 0:6 hesablı texniki məğlubiyyət verilib.


Üç turdan sonra turnir cədvəlinə hərəyə 9 xal toplayan "Polad", "Sərhədçi" və "Elit" komandaları başçılıq edirlər. Digər 3 kollektivin hesabında 6 xal var.


Bombardirlərin yarışında "Polad" klubunun üzvü Şəfayət Budaqov 9 qolla liderdir. Onun komanda yoldaşı Samir Pirimov 8, "Sərhədçi"nin oyunçularından Vahid Məmmədov 7, İbrahim Rzalı isə 5 qolla növbəti pillələrdə qərarlaşıblar.