Mən AFFA Prezidenti olsaydım...
- 14 Okt 2024 10:00
- 291
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü. "Turan Tovuz"un sabiq vitse-prezidenti Yaşar Sultanov maraqlı təkliflərlə çıxış edib. Rekord.az xəbər verir ki, Sultanov futbolumuzun hazırkı bərbad durumundan çıxış yollarını göstərib. Beləliklə:
1. Dünyanın aparıcı futbol ölkələrinin təcrübəsinə və praktiki göstəricilərinə istinad edərək, ölkədə futbolun əhatəli, davamlı və məhsuldar inkişafı üçün yeni, tam müasir, real, işlək və çevik proqram hazırlanmalı, müvafiq strukturlara təqdim olunmalı.
2. Ölkənin idarəetmə və idman qurumları, xüsusilə bələdiyyələr və yerli icra orqanları bu proqramın icrasına birbaşa qoşulmalı. Futbola, idmana bağlı istedadlı, nüfuzlu, zəngin karyeralı, xüsusi idarəetmə qabiliyyətinə malik insanları, peşəkar idman jurnalistlərini AFFA strukturlarına, İcraiyyə Komitəsinə cəlb etməli, aktiv fəaliyyətləri üçün uyğun şərait yaradılmalı.
3. Milli çempionatın strategiyası və məramı dəqiq müəyyənləşməli, müvafiq dövrlər üzrə nəticələr əsaslı təhlil olunmalı, inkişaf və ya tənəzzül trayektoriyası aydın şəkildə görünməlidir. Premyer liqada legioner limiti 4 nəfərdən artıq olmamalı, yerli futbolçuların iştirakı üçün maksimum imkan yaradılmalı. Kökəncə Azərbaycandan olmayanların milliləşdirmə siyasətinə son qoyulmalı, istər klublarda, istərsə də milli səviyyəsində bu kimi ayıblı halların qarşısı alınmalıdır. Klubların hər hansı maliyyə donorlarından ve sponsorlardan asılılıq dərəcəsini azaltmaq üçün onların peşəkarlıq statuslarının yüksəldilməsinə, kommersiya strukturlarına və ya səhmdarlar cəmiyyətlərinə çevrilməsinə dəstək olmalı, peşəkarlıq institutunun tam bərqərar olunması üçün hüquqi yardım göstərməli.
4. Yüksək ixtisaslı məşqçilər korpusunun hazırlanması üçün intensiv kurslar təşkil olunmalı, yerli resurslardan istifadə etməli və xarici mütəxəssisləri cəlb etməli. Yeni, gənc məşqçilərin hazırlanması milli futbolumuzun gələcəyi naminə strateji məqsəd kimi ön plana çəkilməlidir.
5. Milli hakimlik məktəbinin tarixi ənənələrini geri qaytarmaq məqsədi ilə mövcud potensialdan tam istifadə etməli, AFFA nəzdində xüsusi təchizatlı məktəb yaratmalı, beynəlxalq titullu və təcrübəli veteran hakim-mütəxəssislərimizi cəlb etməklə davamlı kurslar və təlim-məşq toplantıları təşkil etməli.
6. Müasir futbolun əsas funksionerlerindən olan, gənc və istedadlı futbolçuların axtarılıb tapılmasında, onların təqdimatında, perspektiv inkişaf strategiyasında və motivizasiyalarında xüsusi rol oynayan futbol menecmenti institutunun yaradılması müstəsna əhəmiyyət kəsb edir. Bu institut olmadan gənc istedadların uğurlu karyera qurması və milli futbolçuların legioner həyatı yaşaması ehtimalı çox məhduddur.
7. AFFA-nın təqdimatı əsasında bütün yaşayış məntəqələrinin stadionlarla, meydançalarla təmin olunması üçün Nazirlər Kabineti tərəfindən xüsusi proqram hazırlanmalı, birgə icra və nəzarət mexanizmləri işlənilməli. Hər kənddə belə futbol yarışlarının keçirilməsi təmin olunmalı. Regional və lokal futbol turnirlərinin keçirilməsi, effektli seleksiya işlərinin aparılması məqsədi ilə Regional Futbol Federasiyasının yerli, işlək qurumlarının və işçilərinin sayı artırılmalı, Azərbaycanın bütün coğrafiyasını, istisnasız olaraq, hər bir yaşayış məntəqəsini futbol yarışları ilə təmin etməli. Yaşayış yerindən asılı olmayaraq hər uşağı əyani futbolla tanış etməli, kəndlərinə, həyətlərinə canlı futbol gətirməli. Hər bir rayon mərkəzi bu günkü tələblərə cavab veren təbii ot örtüklü müasir stadionla, o cümlədən yardımçı meydançalarla təmin olunmalı. Bakı şəhər aqlomerasiyasına daxil olan ərazilərdə yeni stadionların, hər məhəllədə meydançaların tikilməsi mütləq hal kimi yeni inkişaf proqramında öz əksini tapmalıdı. Bütövlükdə ölkə ərazisində futbol infrastrukturu tam şəkildə bərqərar olunmalı.
8. Futbol Akademiyaları şəbəkəsini regionlar üzrə genişləndirmək. Tək AFFA, klublar və digər dövlət qurumları vasitəsilə yox, ayrı-ayrı iş adamlarını cəlb etməklə, hər bir uşaq üçün əlçatan olan, titullu keçmiş futbolçularımızın adlarını daşıyan futbol məktəblərinin yaradılmasına dəstək olmaq, onların tikilib ərsəyə gətirilməsi üçün bank-maliyyə qurumları ilə birgə proqram hazırlamaq, məqsədli təyinat üçün aşaqı faizli kreditlərin alınmasına nail olmaq.
9. AFFA Prezidenti olaraq, təqvimi mətbuat konfransları keçirmək, ölkənin futbol həyatını güzgülü şəkildə ictimaiyyətə təqdim etmək, perspektiv inkişaf planlarını, maliyyə resurslarının istifadəsi vəziyyətini müqayisəli şəkildə müzakirə müstəvisinə çıxarmaq. Müvafiq strukturlar üzrə ardıcıl monitorinqlər keçirmək.
10. Göstərilən müddəaların tətbiqi və icrası ilə parallel olaraq Azərbaycan futbolunun istər milli komandalar, istərsə də klublar səviyyəsində məhsuldarlığı, rəqabətə davamlılığı, yeni, professional mərhələyə yüksəlməsi labüddür. Bu isə ölkənin futbol həyatının canlanması, populyarlığı, tamaşaçı-azarkeş marağının kütləvi artımı, uşaq-gənclər futbolunun davamlı inkişafı deməkdir.