UEFA Çempionlar Liqası turnirinin Liqa mərhələsi çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda (BOS) keçirilmiş “Sabah” – “Borussiya” (Dortmund, Almaniya) oyunundan sonra qonaq komandanın rəsmilərindən biri mətbuata verdiyi açıqlamada stadionun paltardəyişmə otaqlarında yerləşən duş kabinlərindən istifadə etmədiklərini, BOS-un su təchizatı sistemində “legionella” bakteriyasının ola biləcəyi ehtimalını səsləndirmişdi.

Rekord.az xəbər verir ki, Bakı Olimpiya Stadionu həmin iddialarla bağlı yeni açıqlama yayıb.

Açıqlamada bunlar qeyd edilib:

“Hər hansı mənbəyə və ya laborator analizin nəticələrinə istinad olunmadan belə əsassız fikirlərin bildirilməsi təəccüb və təəssüf hissi keçirməyimizə səbəb olmuş, öz növbəmizdə mətbuata açıqlama verərək səslənən iddiaların həqiqəti əks etdirmədiyini, BOS-un su təchizatı sisteminin müvafiq keyfiyyət standartlarına cavab verdiyini, bu məsələ ilə bağlı arenanın qüvvədə olan sertifikata malik olduğunu vurğulamışdıq. Eyni zamanda, cari mövsümdə UEFA Çempionlar Liqası turniri çərçivəsində Bakı Olimpiya Stadionunda məşqlər və oyunlar keçirmiş “Sabah” və “Slaviya” (Praqa, Çexiya) komandaları tərəfindən bu məsələ ilə əlaqədar hər hansı iradla qarşılaşmadığımızı bildirmişdik.

Bakı Olimpiya Stadionunun su təchizatı sisteminin standartlara cavab verdiyini təsdiqləyən və hazırda qüvvədə olan laborator analiz nəticələrinə malik olmağımıza baxmayaraq, bu məsələdə ictimaiyyətin əminliyini bir qədər də möhkəmləndirmək məqsədilə BOS-dan yenidən götürülmüş su nümunələrinin ayrı-ayrı laboratoriyalarda analizi aparılıb və nəticələr daha əvvəl səsləndirdiyimiz fikirləri növbəti dəfə təsdiqləyib. “MediClub” Tibb Klinikası və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nin Mərkəzi Laboratoriyası tərəfindən aparılmış, mətnə əlavə olunmuş fotolardakı analiz nəticələri Bakı Olimpiya Stadionunun su təchizatı sistemində hər hansı problemin olmadığının növbəti sübutudur.

Necə deyərlər, “Borussiya” klubunun nümayəndəsi tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilmiş fikir əsassızdır, “Barselona” isə mövzu ilə bağlı narahat olmaya bilər”.

Xatırladaq ki, “Sabah” ÇL-dəki növbəti ev oyununu məhz İspaniya nəhəngi “Barselona”ya qarşı keçirəcək.