Tələsməyin, bu məsəli xatırlamağımın səbəbini izah edəcəyəm. Türklər bu məsəldən insan özünü qarşısındakı bəyəndirə bilməyəndə istifadə edirlər. Deyirlər ki, xeyri yoxdur, "ağzımla quş tutsam" belə filankəs məni bəyənməyəcək, ondan quruca “sağ ol” eşitməyəcəm. Məlum məsələdir ki, insanın ağzı ilə quş tutması mümkünsüz işdir. Elə bu məsəl də həmin mənanı verir ki, kimisə bəyənməyən adam istənilən halda öz fikrində qalacaq, qarşısındak onun “gözünə girməyi” bacarmayacaq.


Ayxan Abbasovun Lixtenşteyn və Andorra ilə qarşılaşma üçün milliyə çağırdığı futbolçularım adlarına baxanda mən də bu məsəli xatırladım. Düzü, rəqiblərin adı başqa vaxt bizi güldürərdi. Düşünərdik ki, Lixtenşteynlə Andorra ilə oynamaq üçün bu qədər futbolçuya əziyyət verib, onlara millinin düşərgəsinə çağırmağa nə gərək var? Bakının istənilən məhəlləsindən yeniyetmələri toplayıb, Avropanın bu “cırtdanlarının” qarşısına çıxarmaq da olardı. Amma indi futbolumuzun vəziyyəti elədir ki, biz bu düşüncələri özümüzə yaxın buraxa bilmərik. Təxminən bir ay bundan əvvəl elə Bakının mərkəzindəki Respublika stadionunda həmin bu milli Lixtenşteynə qol vura bilməmişdik. Ona görə də məcburuq ki, qarşıdakı oyuna ciddi yanaşaq, Azərbaycanın ən yaxşı futbolçuları Ayxan Abbasovun sərəncamına toplaşın. Əks halda yenidən bütün Avropanı özümüzə güldürə bilərik.


Bəli, ən yaxşı futbolçular milliyə dəvət olunmalıdır. Bəs real vəziyyət necədir? Həqiqətənmi Ayxan Abbasov bu günkü gün üçün ən yaxşıları millinin düşərgəsinə çağırıb və o yaxşılardan Lixtenşteynlə Andorraya qarşı yararlanmaq fikrindədir?! Milli mövzusu çox həssasdır və daim açıqlanan siyahılar ətrafında söz-söhbət olur. Ayxan bəyin özü də zaman-zaman bu cür mövzuların müzakirəsindən şikayətlənir. Deyir ki, nə qədər ideal seçim etsə də, mətbuat və ictimaiyyət kiminsə çağrılmamasından şikayətlənəcək. Müəyyən mənada adam haqlıdır. Mən də çox vaxt çalışıram ki, bu cür mövzulara girməyim, müzakirələrə qatılmayım. Lakin bu dəfə susa bilmədim.


Ayxan bəyin açıqladığı siyahıda Rahil Məmmədovun, Xəyal Əliyevin, Abdulla Xaybullayevin, Murad Məmmədovun, Lorenzo Mezzoteronun adını görmək mümkündür. Xəyalla Abdulla “Sabah”da heyətə düşməyə çətinlik çəkir, meydana nadir hallarda çıxırlar. Murad Məmmədov zədədən sonra “Pafos”un məşqçiləri və azarkeşləri tərəfindən “unudulub”. Rahil Məmmədovun nəinki milliyə çağrılması, hətta “Araz Naxçıvan”dan “Turan Tovuz”a keçməsi belə hamını təəccübləndirmişdi. Lorenzo ilə bağlı məsələ isə lap başqa söhbətin mövzusudur. 


Əminəm ki, Abbasov bu futbolçuların xeyrinə niyə seçim etdiyini əsaslandırmaq üçün aqrumentlərə sahibdir, özünü belə suallara hazırlayıb. Belədirsə, Azər Salahlının nə üçün milliyə çağırılmaması barədə də arqument düşünmək lazımdır. Adam “İmişli”nin kapitanı və şəksiz lideridir. Fərdi keyfiyyətləri sayəsində təkcə müdafiədə dayanmır, cinahında fəallıq göstərir, rəqibin cərimə meydançasında peyda olur. Standart vəziyyətlərdə, qəfil əks-hücumlarda vurduğu qollarla “İmişli”yə xeyli xal qazandırıb. Onun bu keyfiyyətlərindən millidə yararlanmaq olmazdımı? Deyəcəksiz ki, “İmişli” hara, milli hara... Mən də deyirəm ki, Lixtenşteynlə Andorranın səviyyəsi bizim Premyer Liqanın əksər iştirakçılarından aşağıdır. Yəqin ki, Ayxan bəyin siyahısına düşmək üçün Azər Salahlı ağzı ilə quş tutmalıdır, bəlkə ondan sonra millidən dəvət gözləyə bilər.