“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 11-ci turu çərçivəsində  “Kəpəz”ə qarşı keçirdikləri ev oyunu haqda danışıb.


Rekord.az xəbər verir ki, 1:0 hesablı qələbəni belə şərh edib:


“Əvvəlcə hər kəsi Zəfər bayramı münasibətilə təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun, gözəl yaşasınlar. Mən istəyirəm ki, Ukrayna da bir gün qalib gəlsin, sülh olsun. 


Mən çox sevinirəm ki, meydana çıxan oyunçularımız nəticələr verirlər. Bu o deməkdir ki, bizim ehtiyat oyunçular skamyası yaxşı vəziyyətdədir. Hər bir oyundan əvvəl kimin əsas heyətdə oynadığını və kimin kimlə əvəzlənəcəyini müzakirə edirik. Bizim komandada çox yaxşı rəqabət var. 


Milli komandada oynamaq böyük bir fəxrdir. Bu xüsusilə, milli komandalarda oynayan futbolçuların səviyyəsi haqda çox şey deyir. “Neftçi”nin də oyunçuları var ki, Emin Mahmudov, Emil Balayev, Elvin Bədəlov, Rüfət Abbasov millidə çıxış edirlər. Mən onlara görə çox sevinirəm. Onlara zədə almadan qayıtmalarını və öz millilərini yaxşı təmsil etmələrini arzulayıram. Eyni şeyləri, legioner futbolçularım üçün də arzulayıram. 


Emin Mahmudov Azərbaycanda ən yüksəkdə dayanan futbolçulardan biridir. Uzun müddətdir ki, milli komandada oynayır. Həmçinin “Neftçi” üçün də açar oyunçulardan biridir. Komanda üçün çox oyun keçirib. Onun millidə karyerasını bitirməsi ağır, amma öz qərarıdır. Onun “Neftçi”yə çox vaxt ayırmaq imkanı olacaq. Mən istəyirəm ki, o, komandaya çox xal gətirsin. Çünki o, buna layiqdir, əsl kapitan kimi rolunu yaxşı icra edir. Həm o mənimlə tam səmimidir, həm də mən onunla. Ukraynada belə bir deyim var ki, heç kim bir-birinin arxasından vurmur. O, “Neftçi”yə ömrünü verib. Futbolçu karyerasını bitirsə belə, burada qalıb çox yaxşı məşqçi ola bilər”.