a
- 19:00
- 36
"Sabah"ın gənclər komandası "Vikinq"in gənclər komandasına 0:5 uduzub. "Qarabağ"ın gənclər komandası isə "Dinamo" Zaqrebin gənclər yığmasına 0:7 uduzub. Aşağı yaş qruplarından ibarət millilərin biabırçı çıxışlarının davamıdı bir növ. Tamamilə normal vəziyyətdi, tam olaraq reallığı əks etdirir. Bu gün ölkədə uşaq futboluna münasibət, uşaq futbolunun səviyyəsi hansı gündədirsə, qeydə alınan nəticələr də bunun güzgüsüdür. Ümumiyyətlə, "Sabah"ın gənclər komandası niyə "Vikinq"i udmalıdır? Hansı xüsusi üstünlüyünə, hansı şəraitinə görə? Yaxud illərdi bazasız qalan, "Sərhədçi"nin süni örtüyünə sığınan "Qarabağ"ın gənclər yığması hansı məntiqlə Avropanın "futbol fabrik"lərindən hesab olunan "Dinamo" Zaqrebin gənclər komandasını üstələməlidir? "Sabah" niyə "Vikinq"də uduzdu, "Qarabağ" niyə qrupa düşə bilmədi və s. kimi suallardan daha çox bunun üzərində düşünməliyik, ölkədə uşaq futbolu yoxdur, məhv olub, məhv edilib. Ötən gün tanınan məşqçilərimizdən biri ilə söhbət edirik, uşaq futbolu, akademiyalar filan, axırda deyirəm ki, biz burda danışırıq, mən gedib bunu yazacam, siz də gedib işinizə davam edəcəksiniz, amma inanın ki, özümüz-özümüzü aldadırıq. Əslində siz də bilirsiniz ki, boşuna işləyirsiniz, mən də bilirəm ki, boşuna yazıram, bu vəziyyətdə, bu şəraitdən futbolçu çıxmayacaq və çıxa da bilməz. Səbəblərindən çox yazmışıq, çox danışmışıq, bu gün bir daha yazaq. Bu yazı heç nəyi dəyişməyəcək, amma yenə çoxlarına xatırlatma olar, bəlkə kimsə, nəyicə cüzi də olsa, dəyişə.
Uşaq futbolumuzun ən böyük bəlası sistemsizlikdi. Burda tək AFFA-nın üstünə düşmək insafsızlıq olardı. Burda klublar da böyük məsuliyyət daşıyır. Sistem olmadan heç vaxt uşaq futbolu inkişaf etməyəcək. Sistemi qurmaq, daha sonra onu reallaşdırmaq üçün yatırım olmalıdır. Onu da bizdə heç kim etmir. Belçikalılar layihə yazmışdı, nə oldu onun axırı? Keçən il bu haqda yazanda da qeyd etmişdim ki, milyonlar alıb o layihəni yazan şirkət orda bizim bilmədiyimiz yeni heç nə yazmamışdı. Hamısı bizim də bildiyimiz və illərdi dediyimiz sözlər idi. Görürsünüz, üstündən il yarım vaxt keçsə də, yenə ortada heç nə yoxdur. İnfrastruktur qurulmalıdır, qurulmayıb. Kütləvilik artırılmalıdır, artırılmayıb. Akademiyalar yaradılmalı, sözün əsl mənasında skaut məktəbi yaradılmalıdır, qurulmayıb, yaradılmayıb. Qısası, orda yazılanların heç biri edilməyib. Mən sözün əsl mənasında real işdən danışıram, gözdən pərdə asmaq üçün görülən "işlər"İ demirəm. İllərlə bunu deyirik, yenə də üstünə basa-basa deyirəm ki, SÜNİ MEYDANÇADA HEÇ VAXT FUTBOLU YETİŞMƏYƏCƏK! Kim də ki, deyirsə, "dünyada da bundan istifadə edirlər, bilin ki, Azərbaycan futbolunun düşmənidir". Bəli, dünyada da süni örtükdən istifadə edirlər. Amma biz istifadə etmirik, biz süni meydançanın içinə girib yaşayırıq. İkinci məsələ, dünyanın istifadə etdiyi süni örtüklə, bizim içinə girib yaaşdığımız süni örtüyün keyfiyyəti arasında da yerlə-göy qədər fərq var. Biz uşaq futbolunun, ümumiyyətlə, futbolun inkişafını istəyiriksə, süni meydançalardan qurtulmalıyıq. İstər AFFA, istərsə də klublar. AFFA konkret tələb qoymalıdır ki, uşaq liqaları təbii örtüklü meydançalara keçirilməlidi. Bilirəm, bunu bütünlüklə etməyəcəklər. Amma ən azı müəyyən faiz tədricən təbii ota keçməlidir. Hər klubun qarşısında tələb qoyulmalıdır ki, sırf akademiya üçün təbii örtük salsın. Heç kim futbola cibinin pulunu xərcləmir, hamısı son qəpiyinə kimi dövlətin puludur. Hər il hər kluba 2.5 milyon manat birbaşa vəsait ayrılır. Hansı ki, bunun da yarım milyonu sırf uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. Zəhmət çəkib o yarım milyona təbii örtüklü meydança salsınlar. Dərk eləmirik ki, fəlakətin astanasındayıq. Bu gün yeniyetmə futbolçuların böyük əksəriyyətinin diz qapaqları və topuqları sıradan çıxıb. İnanmırsınızsa, maraqlanın, çoxunuzun yəqin ki, tanıdığınız məşqçilər var hansı ki, uşaq futbolunda çalışırlar. Görün həmin məşqçilərin çalışdığı komandalarda dizi sıradan çıxmış nə qədər 14-15-16 yaşlı futbolçular var. U-19, hətta U-21 millisinə gələn futbolçular var ki, ilk dəfə təbii otu gedib Avropada, seçmə mərhələ oyununda görürlər. Əgər gənc futbolçularımız ilk dəfə otu 19-21 yaşında görürsə, 14-15 yaşlı futbolçuların çoxunun dizində menisk aşkarlanıbsa, biz hansı inkişafdan danışa bilərik, hansı üzlə "futbolçularımız niyə Avropaya çıxmır?" deyirik? Bu gün Azərbaycanda U-8 liqasından tutmuş, əvəzedicilərin liqasına kimi bütünb yarışlar keyfiyyətsiz süni örtüklü meydançalarda keçirilir. Hansı ki, eləsi var orda, ümumiyyətlə, oyun keçirmək cinayətdir. Bu gün Premyer Liqada oynayan bütün klublarımızın akademiyaları süni örtüyə məhkum edilib. Onu da maraqlana bilərsiniz. Ən iddialı klublarımızın akademiya rəhbərlərindən, məşqçilərindən soruşun görün, hansı akademiya komandası heç olmasa ayda bir dəfə təbii otda məşqə çıxır. Heç biri. Üzünü də görmürlər. Şəraiti olan da bunu etmir. Şəraiti olan klublarımıza baxaq da. Elə özümün doğulduğum, mənə daha yaxın olan öz Sumqayıtımın klubu olan "Sumqayıt"dan başlayım. "Mehdi Hüseynzadə" adına stadionla birlikdə klubun sərəncamında 6 meydança var. Dördü standard, ikisi kiçik, qeyri-standard. Akademiyanın bütün komandaları süni örtükdə məşq edir. Ayaqları heç təbii ota dəymir. Yalnız "Sumqayıt"ın ev oyunlarında topdaşıyan uşaqlar istisna. Təbii meydançalar günlərlə dincdə qalır, amma ora akademiya uşaqları buraxılmır. Şəraiti olan digər klubumuz "Neftçi"də də elədir. Bakıxanovda təbii örtüklü meydançalar boy-boya orda qala-qala bütün akademiya komandaları süni örtüyə məhkum edilib. Şəraiti olan digər klubumuz "Kəpəz". Yeni stadionla birlikdə 4 meydançası var, 3-ü təbii, biri süni. Bəs "Kəpəz"in hansı uşaq komandası o təbii ota ayaq basır, orda məşq edir? Heç biri, Orda da bütün akademiya U-8-dən əvəzediciyə qədər yalnız süni örtükdə həm məşq edir, həm də oynayır. İllərdi bəh-bəhlə təriflədiyimiz "Qəbələ". Boydan-boya meydançalar sıraya düzülüb. İnsafla yaxşı da qulluq göstərirlər, göz-bəbəkləri kimi qoruyurlar. Amma "Qəbələ"nin hansı uşaq komandası o təbii ota buraxılır? Təbii ki, heç biri. Digər klublarımızda vəziyyət bundan da pisdir, onlar, ümumiyyətlə, didərgin həyatı yaşayırlar. İşin bədbəxt tərəfi də bilirsiniz nədir? Həmin o dincə qoyulan, qorunan təbii örtüklü meydançalara yalnız əsas komandalar buraxılır. Bu qədər diqqət, qayğı, qoruma əcnəbilər üçündür. Hansıs aəcnəbi gəlib ətək-ətək pul alıb təbii örtüklü meydançalarda məşq edə, onu dağıda bilər, amma öz balalarımıza olmaz, onları süni örtükdə məhv etməli, zəhərləməliyik. 8-9-10 yaşlı uşağın nə canı, çəkisi var ki, örtük dağıtsın? Heç olmasa aşağı yaşda olan uşaqları həftədə bir dəfə buraxın o otun iyisini bilsin də. Mən hələ məsələnin zədə tərəfini qabartdım. Hələ onu demirəm ki, o süni örtüyün kimyəvi tərkibi o uşaqların ciyərlərini necə zəhərləyir. İndi siz deyin, bu şəraitdə futbolçu yetişər? Və niyə yetişməlidir axı? Yetişməyəcək də. Qumda, torpaqda uşaq yetişər, amma süni örtükdə yetişməyəcək. RəhmətlikTofiq Rzayev vaxtı ilə Sumqayıtdakı çayır otun üzərində Nazim Süleymanovu, Telman Salahov "Spartak"da, qumun üzərində Arif Əsədovu, Yusif Məhərrəmov Gəncədə, "Metalluq"da qumun üzərində Vəli Qasımovu yetişdirib. Mən hələ Tərlan Əhmədov, Vidadi Rzayev, Mehman Yunusov, Kamal Quliyev, Yunis Hüseynov,