
"Məhəllə Uşaqları" pley-offa lider kimi yüksəldi
- 12 İyl 2025 20:11
- 70
Sumqayıtın peşəkar futbolda tək təmsilçisi "Sumqayıt"dı. Şəhər böyükdü, ərazisi xeyli genişlənib. Əhalisi də çoxdan yarım milyonu keçib. Artıq yavaş-yavaş şəhərin ikinci komandasının formalaşması lazımdı.
Namizəd artıq var.
Amma hələ ki Həvəskar futbolda. Burada bayraq "Məhəllə Uşaqları" FK-nın əlindədi. Orijinal ad fikirləşiblər. Belə baxanda, hər şey elə məhəllədən başlayır.
Gənc mütəxəssis Orxan Abdullayevin rəhbərlik etdiyi və baş məşqçisi olduğu komandanın maraqlı heyəti var. Burada vaxtilə elitada, digər liqalarda top qovmuş və hazırda qovmaqda olan təcrübəlilər də var, Ruslan Poladov kimi şəhər əfsanəsi də, gənc futbolçular da. Adlarına uyğun kollektivdilər. Sanki meydançaya həm yaxşı vaxt keçirmək üçün çıxır, həm də qələbələrlə komanda ruhunu möhkəmləndirirlər. Çox əla da oyun nümayiş etdirirlər. İzləsəz, peşman olmayacaqsız.
Komanda həvəskar olduğundan maliyyə təminatları yoxdu. "Sumqayıt" FK forma və meydança məsələsində dəstək verir. Yəni şəhərin 1-ci komandası "Şəhərin 2-ci komandası"nın yanındadı. Sağ olsunlar. Başqa kimsə dəstək olmaq istəsə, uşaqlar istənilən əməkdaşlığa hazırdılar. Mütləq qeyd etmək lazımdı ki, "Məhəllə uşaqları"nın əsas komandası ilə yanaşı, 6 aşağı yaş qrupu - 9-14 yaş arası bütün qruplarda uşaq komandası da var, AFFA-nın müvafiq liqalarında mütəmadi çıxış edirlər, müxtəlif uğurlar da qazanırlar. Bir sözlə, boş, köksüz komanda deyil, gələcəkdə peşəkar klub kimi formalaşmağa tam hazırdı.
* * *
Bu gün komanda Sumqayıtda ehtiyat meydançalardan birində Həvəskarlar Liqasının qrup mərhələsində son tur matçına çıxmışdı. Start fitinə qədər turnir cədvəlində 2-ci olan "Məhəllə uşaqları" bərabərlik halında elə 2-ci qalacaq, 6 top fərqiylə qələbə halında isə lider olacaqdılar. Asan tapşırıq deyildi, çünki qarşılarındakı rəqib qrupun 1-cisi "Qaradağ Şıxlar" idi. Matç günorta, qızmar günəş altında keçirilirdi. Havanın çox isti olmağına baxmayaraq dinamik oyun getdi. Qonaqlar başlanğıcda yaxşı təsir bağışlasalar da, sonra oyunun ipini əldən verdilər. "Məhəllə uşaqları" da bunu gözləyirdilər. Hakimin final çalınanda hesab 9:1 idi. Uşaqlar çox gözəl oynamış, rəqibin daşını-daş üstə qoymamışdı. Çox böyük zövq aldım oyundan. Epizodların birində perspektiv vəd edən 15 yaşlı Raul Məcidovun 45 yaşlı Ruslan Poladova verdiyi ara ötürməsi, onun da son nöqtəni qoyma tərzini izləməyə dəyərdi.
* * *
Sumqayıtın "Məhəllə uşaqları" pley-offda rəqiblərini gözləyirlər. Finala qədər irəliləyib çempion olub-ola bilməyəcəklərini zaman göstərəcək. Hazırda əsas olan bu deyil. Əsas olan bir irsin yaradılmasıdı ki, gələcəkdə şəhərin futbolu üçün təməl rolunu oynasın. Komanda gələn ildən Region Liqasında oynamağı planlaşdırır. Sonrasını zaman göstərəcək. Uşaqları daha yuxarı liqalarda görmək ümidiylə...
Kənan Məstəliyev
Yazar haqqında
