Sabirabadın “Marafon” klubunun prezidenti Vüsal Xəlilov ölkə kubokunun ilkin təsnifat mərhələsi çərçivəsində “Dinamo” üzərində qazanılan 3:0-lıq qələbədən sonra Rekord.az saytına eksklüziv müsahibə verib:



 

-          - Öncə qələbə münasibəti ilə təbrik edirik. Oyunla bağlı təəssüratlarınız…

-          - Çox sağ olun. Rayonumuz üçün bir yenilik oldu. Uzun fasilədən sonra Sabirabad komandası peşəkar liqada təmsil olundu, ölkə kubokunda mübarizə apardı. Azarkeşlər üçün də maraqlı oyun oldu, rayonumuz üçün də maraqlı ab-hava yarandı.Düşünürük ki, bundan sonra azarkeşlərimiz daha da çox olacaq. Bütün bu işlərdə, stadionun tikilməsində, komandanın fəaliyyətində bizə dəstək olan hər kəsə minnətdaram. Siz də sağ olun ki, gəlib bizi işıqlandırırsınız. Bizə dəstək olmaq, elə ölkə idmanına, ölkə gəncliyinə dəstək olmaz deməkdir.  Biz də çalışacayıq bundan sonra daha yaxşı nəticələr qazanmaqla bizə olan inamı doğuruldaq.

-          - “Marafon”un bir klub olaraq hədəfi nədir?

-          - Bu il çempion olmaq və I Liqaya yüksəlmək. Azərbaycan kubokunda da kifayət qədər güclü komandalar var, bundan sonra I Liqa komandası ilə qarşılaşacayıq. Allah qoysa qalib olsaq, Premyer Liqa komandası ilə oynayacayıq. Hədəflər çoxdur, inşAllah nail olamağa çalışacağıq. Nə qədər nail olacayıq, bunu zaman göstərəcək, gördüyümüz işlər göstərəcək.

-          - Stadionla bağlı soruşmaq istərdim. Niyə Bulaqlı kəndi seçildi?

-         -  Rayonda bir neçə yeri baxışdan keçirmişdik. Buranın şəraiti bizi məcbur elədi ki, tikinti işlərinə burda başlayaq. Burada şərait daha münbitdi. Kəndin camaatı da futbolu sevir, rayon mərkəzinə də yaxındı, əhali də burda çoxdur və bu gün də o kütləni burda görə bildim. Düşünürəm ki, növbəti oyunlarda azarkeş sayı daha çox olacaq.

-          - Sabirabadın mərkəzi stadionunda, olimpiya stadionunda bu işləri görməyə nə mane oldu?

-          - Rayon stadionu başqa qurumun tabeliyindədir.  Onlarla razılıq əldə edə bilmədik. Bununla belə, danışıqlar gedir və ümid edirəm ki, gələcəkdə razılıq əldə edə biləcəyik.  Amma bugünkü günə hələ ki, yenilik yoxdur.

-          - Maliyyə məsələsidir?

-         -  Xeyr, maliyyə deyil. Ümumiyyətlə, klubla bağlı məsələ deyil. Stadionun tabe olduğu qurum məsələni AFFA ilə həll etməli idi. Amma hansısa səbəbdən məsələ uzandı. Odur ki, bizdə gözləmə mövqeyindəyik. Yəqin ki, gələcəkdə məsələ hansısa formada həll olunacaq.

-          - Siz həm də Mərkəz Regional Futbol Federasiyasının prezidentisiniz. Qurum olaraq hansı planlarınız var?

-          - Tək Sabirabadda yox, federasiyaya tabe olan 11 rayonda və o rayonların kəndlərində futbol oynamağa yararlı stadionların yaradılmasına çalışırıq. Ən azı ot örtüyü futbol oynamağa imkan versin. Büdcə imkan verərsə, tribuna və s. məsələlər üzərində də işlər görmək olar. Amma bu, tək regional federasiya, AFFA-nın üzərində olan məsələ deyil, həmin rayonların özləri də bu işlərdə maraqlı olmalıdır. Rayonların imkanlı şəxsləri, sponsorlar bu işə cəlb olunsa, daha yaxşı olar. Onlar da əlini daşın altına qoymalıdır. İnanıram ki, futbolda uğurlu nəticələr həmin şəxsləri də futbola cəlb edəcək. Çünki olimpiya idman növlərində yaxşı nəticələrimiz var, dövlət səviyyəsində idmana dəstək var, cənab Prezidentin tapşırığıdır və biz də çalışırıq onun bu tapşırıqlarına əməl edək.


Kənan MƏSTƏLİYEV, Sabirabad 


K