“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 7-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.


Rekord.az xəbər verir ki, o, 4:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:


“Hesab da aydın göstərir ki, biz bu gün qələbəni tam haqq etdik. Komandam matça ilk dəqiqələrdən çox yaxşı başladı, hücumda imkanlar yaratdıq və erkən qollar vurduq. 2:0 hesablı üstünlükdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək 3-cü qolu vurduq. İlk yarıda oyuna tam nəzarət edərək fasiləyə 3:1 öndə yollandıq. Açığı, ikinci hissədəki oyunumuz o qədər də xoşuma gəlmədi. Futbolçular uzun müddətdir qələbə qazanmırdılar, ona görə də hesabı qorumaq üçün istər-istəməz müdafiəyə çəkildilər. Lakin 4-cü qolu vuraraq matçı rahat bitirdik. Xüsusilə milli oyunlar üçün yaranan fasilədə 15 gün ərzində heyətlə çox ağır və gərgin məşq prosesi keçmişdik. Qələbəyə görə həm özüm, həm də əziyyəti keçən futbolçularım adına çox şadam”.